İkinci Dünya müharibəsinin başlamasına səbəb olan Polşa, üçüncüyə də bəhanə verəcəkmi? – ŞƏRH

15 noyabrda Ukraynanın şəhərləri və sənaye obyektləri güclü raket atəşinə tutuldu. Rusiya Ukraynaya hücum edəndən bəri bu, ən şiddətli raket hücumu kimi tarixə düşdü.

Qərb mediasının və kəşfiyyat orqanlarının verdikləri proqnozların əksinə olaraq, Rusiyanın Ukrayna şəhərlərini dağıtmaq üçün hələ yetərli sayda silah və sursatının olduğu üzə çıxır. Bu raket zərbələri eyni zamanda danışıqlara getmək üçün çeşidli şərtlər irəli sürən Zelenskini fikrindən döndərmək üçün atılan addım kimi də qiymətləndirilə bilər. Çünki Qərbdən Rusiya ilə danışıqların başladılmasının zəruriliyi haqda siqnallar gəlməkdədir və indiki halda bu istiqamətdə ən ciddi maneə olaraq Zelenski görünür.

Ukrayna hərbçilərinin verdiyi məlumata görə, 15 noyabr  bombardmanı 10 oktyabrda həyata keçirilən raket hücumundan daha güclü olub. Belə ki, 10 oktyabrda Rusiya ordusu Ukraynanın şəhərlərinə cəmi 84 raket buraxmışdısa, bu rəqəm indi 100-ü keçib.

Bu, Ukrayna hərbçiləri və digər hərbi mənbələr tərəfindən kütləvi raket hücumu kimi qiymətləndirilir. Əsas zərbə obyektləri şəhər infrastrukturu və elektrik stansiyalarıdır. Yaşayış binalarına da raket zərbələrinin endirilməsi barədə məlumatlar var.

Hava hücumundan müdafiə sistemləri var gücü ilə fəaliyyət göstərsə də vurulan raketlərin dəqiq sayı barədə xəbər yoxdur. Bu məlumat hələ dəqiqləşdirilməkdədir. Bu dəfə atılan raketlər X-101 və X-155 siniflərindən olan raketlərdir və strateji aviasiyaya məxsus TU-95 və TU-60 təyyarəsindən atılıb.

TU-95 və TU-60 Xəzər dənizi və Qara dəniz akvatoriyasında yerləşən bombardmançı təyyarələrdir.

Rusiya 10 oktyabrdakı raket zərbələrini Ukrayna kəşfiyyatçılarının Krım körpüsündə həyata keçirdikləri partlayışla əlaqələndirirdi. Budəfəki raket zərbələrini isə Zelenskinin G20-dəki çıxışı ilə bağlayırlar. Amma bu bir qədər məntiqli görünmür. Çünki, Zelenski çıxışa başlayan kimi Rusiya bu səviyyədə hücuma başlaya bilməzdi. Rusiya buna çoxdan hazırlaşırdı və heç şübhəsiz son zərbələr rus qoşunlarının Herson şəhərindən çıxarılmasına cavab olaraq həyata keçirilirdi. Bununla Rusiya Ukrayna və Qərbə xəbərdarlıq edir ki, rus qoşunlarının boşaltdığı hər bir şəhərin cavabında bu cür kütləvi raket hücumları həyata keçiriləcək.

Raketlərdən ikisinin Polşaya düşməsi barədə xəbərlər var.

Polşanın “Zet” radiosunun verdiyi məlumata görə, Pşevudov kəndindəki taxılqurutma məntəqəsinə düşən raketlər iki Polşa vətəndaşının ölümü ilə nəticələnib. Raketlərin Rusiya və ya Ukrayna tərəfindən atıldığı dəqiqləşdirilməyib, yəni bu barədə hələ məlumat yoxdur. ABŞ kəşfiyyat orqanlarındakı mənbənin dediyinə görə, raketlərin Rusiya tərəfindən atılması ehtimalı daha böyükdür. Polşa baş naziri hökumətin müdafiə və təhlükəsizlik komitəsinin fövqəladə iclasını çağırıb.

Rusiya Müdafiə Nazirliyi hadisə ilə bağlı verdiyi açıqlamada raketlərin Polşa ərazisinə düşməsi barədə informasiyanı təxribat adlandıraraq bildirib ki, Ukrayna-Polşa sərhədində onların zərbə endirdikləri hədəfləri olmayıb. “Hadisə yerində çəkilmiş və raket hissələrini əks etdirən fotoşəkillərin Rusiya raketlərinə aidiyyəti yoxdur” – deyə bildirilir.

Pentaqon və Dövlət Departamenti Polşa ərazisinə düşən raketlərin Rusiyaya məxsus olduğunu təsdiqləməyiblər. Yaranmış vəziyyətdə ABŞ-ın mümkün addımları haqqında məlumat da verilmir. Çünki kütləvi informasiya vasitələrində gedən xəbəri təsdiq etmək hələ mümkün deyil. Bu barədə ABŞ HHQ generalı Patrik Rayder bildirib. Dövlət Departamenti mətbuat xidməti rəhbərinin müavini Vedant Patel isə deyib  ki, hadisə ilə bağlı ABŞ Polşa və digər müttəfiqləri ilə işləyir, hər hansı bir qərar qəbul etmək hələ tezdir.

NATO da öz növbəsində nəticə çıxarmağa tələsmir, hadisənin baş vermə səbəblərini öyrənir. Onun reaksiyası Varşavanın raketlərin hansı tərəfə mənsub olması barədə məlumat verməsindən sonra məlum olacaq.

Brüsseldəki NATO qərargahında Varşavanın Vaşinqton Müqaviləsinin 4-cü maddəsinə uyğun olaraq təhlükəsizlik sahəsində müzakirələr aparmaq üçün təşkilata müraciət edəcəyini gözləyirlər.

Bu hadisənin  Polşa və NATO tərəfindən necə qiymətləndiriləcəyi və atılacaq addımlar  məlum deyil. Böyük ehtimalla Rusiya tərəfi  raketlərin ona mənsub olduğu sübut olunarsa, onların məqsədyönlü şəkildə Polşaya atılmadığı barədə bəyanat verərək hadisə ilə bağlı üzr istəyəcək və bununla da münaqişənin böyüyərək NATO-Rusiya qarşıdurmasına çevrilməsinin qarşısı almağa çalışacaq. Çünki indiki şəraitdə qarşıdurmada iştirak edən tərəflərdən heç biri münaqişənin daha da böyüyərək üçüncü dünya müharibəsinə çevrilməsində maraqlı deyil. Amma sonradan bənzər hadisələrin baş verməməsi üçün hansı addımların atılacağı da sual altındadır.

15 noyabr raket zərbələrində İran istehsalı olan raketlərdən istifadə olunub-olunmaması da hələ dəqiqləşdirilməyib, amma bu ehtimal da gündəlikdədir. Rusiya Təhlükəsizlik Şurasının Katibi Nikolay Patruşevin İrana səfəri, orada keçirdiyi görüş və apardığı müzakirələrdən bir neçə gün sonra Ukraynanın kütləvi raket zərbələrinə məruz qalması bu ehtimalın mümkün olacağına bir işarədir.

Politoloq Əlimusa İbrahimov
Xüsusi olaraq Globalinfo.az üçün