İki nüvə gücü hərəkətə keçdi: Bakıya hərbi planda “yaşıl işıq”

Azərbaycanın Pakistandan 1.6 milyard dollarlıq silah alması gündəmdədir. Rəsmi Bakı uzun müddət idi ki, Pakistanla “GF-17” qırıcılarının alınması üçün danışıqlar aparırdı, lakin proses baş tutmurdu.

Bildirilir ki, sözügedən qırıcılar “Pakistan Aviasiya Kompleksi” (PAC) və Çin şirkəti “Çenqdu Aviasiya Sənaye Korporasiyası” tərəfindən hazırlanıb.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Natiq Miri deyib ki, Pakistandan qırıcı təyyarələrin alınması prosesi 2020-ci ildən öncə də gündəmdə idi:

“Pakistan və Çinin birgə istehsalı olan təyyarələrin satışı üçün Pekinin razılığı alınmalıdır. Ancaq Pakistanla imzalanan saziş göstərir ki, Pekin razılıq verib. Azərbaycan-Çin münasibətləri çox isti məcrada inkişaf edir.

“Bir kəmər, bir yol” layihəsində Orta Dəhliz yeni kommunikasiya sisteminin fəaliyyətə keçməsi gündəmdədir. Azərbaycan Çindən daşınan yüklərin 1 milyondan 5 milyona qədər artırılması ilə bağlı yeni infrastrukturların yaradılması yönündə fəaliyyətə başlayıb. Bütün bunlar Azərbaycanla Çini yaxınlaşdıran məqamlardır. Çin kimi qlobal gücün ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərinin “Exit-poll”ların verdiyi rəqəmlər fonunda Prezident İlham Əliyevi təbrik etməsi siyasi anlamda ən böyük göstərici idi. Ona görə də Azərbaycanla Çin arasında münasibətlərin pisləşməsi gözlənilmir”.

Politoloq bildirib ki, Ermənistanı silahlandıran Hindistan Çinin düşmənidir:

“Hindistan Ermənistanı silahlandırarkən Çin də Azərbaycana silahların satışı ilə bağlı “yaşıl işıq” yandırıb. Bu gün dünyanın müxtəlif regionlarında müharibənin getdiyi müddətdə kommunikasiya sistemləri böyük ziyan görüb. Bu xüsusda Orta Dəhliz və Çindən başlayan, Orta Asiya ölkələrindən keçən Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Aralıq dənizinə çıxa biləcək yeni kommunikasiya sisteminin fəaliyyətə başlaması rəsmi Bakının Pekin üçün əhəmiyyətini artırır”.

Safura Bənnayeva
Globalinfo.az