Hakim komandada böyük dəyişikliklər başlayır – Bu məmurlarla bağlı qərar verilib

Əksər ekspertlər Prezidentin növbəti kadr dəyişikliyinə hazırlaşdığını iddia edirlər. Nazirlər Kabineti tərkibində yeniliklər gözlənildiyinə dair mülahizələr səsləndirilir.

İlham Əliyevin 11 iyul müşavirəsindəki çıxışı yaxın dövr üçün hakimiyyətin yol xəritəsi sayıla bilər. Prezident fərsiz komanda üzvlərindən bezib, boğaza yığılıb. Açıq şəkildə dedi ki, ən bəsit məsələlərlə bağlı özü müdaxilə etməli olur. Bu cür təşəbbüssüz, məsuliyyətsiz, ruhunu ətalət basmış məmurlarla işləmək həqiqətən çox çətindir.

Hədəfdəki məmurlar isə, deyilənə görə, baş nazirlə ekologiya naziridir.

Bu sıraya baş nazirin birinci müavini Yaqub Eyyubovun, Dini Komitə rəhbəri Mübariz Qurbanlının, AZAL prezidenti Cahangir Əsgərovun, həmçinin bir neçə yaşlı və köhnə qafa məmurların daxil olduğu deyilir.

Globalinfo.az bu haqda bir neçə gün öncə məqalə yaymışdı. İndi isə ortaya yeni reallıq çıxıb. Ölkə başçısı 11 iyul müşavirəsində növbəti mərhələ ilə bağlı hədəfləri göstərdi.

İlham Əliyev ölkəsini elə bir mərhələyə daşıyıb ki, artıq “köhnə qvardiya”nın nümayəndələri ilə davam etmək mümkün olmur. Onlarla bura qədər mümkün idi. Yorulublar, taqətdən düşüblər. İlham Əliyevin fiziki və düşüncə sürətinə yetişə bilmirlər. Prosesi tormozlamaqdan başqa bir işə yaramırlar.

Azərbaycan Ermənistanla sülh sazişi imzalamaq ərəfəsindədir. Azərbaycan siyasi və coğrafi baxımdan böyüyür. Yeni şərtlər yaranır. Ölkəmiz dünyanın aparıcı dövlətinə çevrilməkdədir. İlham Əliyev Azərbaycanı məhəlli olmaqdan çıxarıb, regional və qlobal oyunçu statusu qazandırıb. Bu mexanizmin qüsursuz işləməsi üçün adekvat kadrlar, çevik və müasir düşüncəli komanda lazımdır.

Ən vacib məqam isə budur ki, adlarını sadaladığımız məmurlardan bir neçəsinin Rusiyaya bağlılığı haqda ictimai rəydə fikir formalaşıb.

Bəs bu məmurların idarəçilikdən uzaqlaşdırılması hər hansı problem yaratmaz ki?

2018-19-cu illərdən başlayaraq şübhəli reputasiyası, zədəli imici və yaşı çox olan, idarəçilikdə əl-ayağa dolaşan xeyli məmur vəzifədən kənarlaşdırıldı. Onların yerinə gənc kadrlar irəli çəkildi. İdarəçilikdə çeviklik olması üçün Prezident bu addımlara getməli idi və getdi.

Gənc kadrların komandaya cəlb edilməsi prosesi idarəçilikdə çeviklik yaratmağı hədəfləyirdi. Həmçinin “köhnələr”in mühafizəkar yanaşması, yeni tendensiyalara ayaq uydura bilməmələri, aşırı dərəcədə rüşvətə, korrupsiyaya bağlı olmaları da aradan qaldırılmalı məsələ kimi gündəmdə idi. Lakin “köhnə qvardiya”nın hakimiyyətdə təmsil olunan nümayəndələrinin yaratdığı başqa məsələ, daha doğrusu problem də var idi.

Onların hər biri ayrı-ayrılıqda klan və bölgə lideri kimi ad çıxarmışdılar. Əşirət rəisləri kimi aparırdılar özlərini. Belə rəy yaratmışdılar ki, siyasi baxımdan mövcud olmasalar, vəzifədən getsələr, İlham Əliyev üçün çox çətin keçər. İdarəçilik bunların çiyinlərindədir guya. Məsələn, Ramiz Mehdiyev düşünürdü ki, PA-dan addımını kənara qoysa, Azərbaycan çökər, ölkə iflic olar, idarəçilik dayanar. Mehdiyev 4 ilə yaxındır ki, vəzifədən uzaqlaşdırılıb. Çox şükür, ölkə zülmətə qərq olmayıb.

Prezident İlham Əliyev onları böyük hesabla yanıltdı. Bu cür düşünmələrinə peşman etdi. 2020-ci ildə Vətən müharibəsi başlayanda bu düşüncə sahiblərinin, özlərini hakimiyyətin əsas şərikləri hesab edən “köhnə qvardiya”nın nümayəndələri təqaüdçü həyatına start vermişdi. Müharibənin başlamasında, gedişində, qazanılan möhtəşəm qələbədə onların zərrə qədər payı yox idi. Bunu İlham Əliyev Prezident və Ali Baş Komandan kimi xalqı, ordusu, müttəfiqləri və yeni komandası ilə bacarmışdı.

İndi isə bizi qarşıda daha məsuliyyətli dövr gözləyir. Müharibədən sonrakı mərhələ mürəkkəbliyi ilə fərqlənir. Necə ki prezident 2018 və 2019-cu illərdə radikal kadr islahatları apardı, komandanı xeyli gəncləşdirdi, sağlamlaşdırdı. Postmüharibə dövrü üçün də oxşar addıma ehtiyac var.

Yaxın zamanlarda çox ciddi dəyişikliklərə şahidlik edəcəyik.

Azər Ayxan
Globalinfo.az