Giqantların bu bölgə uğrunda mübarizəsi qətiləşir – Qalib kim olacaq?

2023-cü il Cənubi Qafqazda maraqları olan böyük güclərin mübarizəsinin daha da qızışacağı bir il olacaq. Hər halda bunu əksər ekspertlər, politoloqlar, siyasi ekspertlər belə deyir. Bununla belə Cənubi Qafqazda de-fakto söz sahibi Azərbaycan Prezidenti İlham Əliyevdir. Türkiyə-Azərbaycan münasibətlərinin günü-gündən inkişaf etməsi Pentaqonun da regionda maraqlarını artırır. ABŞ-ın siyasi hakimiyyətindən çox hərbi hakimiyyəti (Pentaqon) bu bölgənin nəzarət paketinin Azərbaycanla Türkiyədə olmasında maraqlıdır.

Bəs Cənubi Qafqaz uğrunda savaşın qalibi kim olacaq? Rusiya, ABŞ, ya Türkiyə-Azərbaycan tandemi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, Cənubi Qafqaz uğurundakı qlobal savaşın qalibləri zamanla əl dəyişdirib, amma Rusiya tarixən bu regionda hökmran mövqeyini itirməyib:

“Baxışı bir qədər geniş götürsək, məsələyə tarixi kontekstdən yanaşmağın tərəfdarıyam. Ona görə ki, region üzərindəki maraq toqquşmalarının bir tərəfində Osmanlı imperiyasının davamçısı Türkiyə, digər tərəfində Rusiya imperiyasının və SSRİ-nin müasir şəkli olan Rusiya Federasiyası, digər tərəfində isə imperiya ənənələri ilə qürrələnən İran dayanır.

Deyə bilərik ki, tarixə bu konseptual baxış nəyə lazımdır və bugünkü reallıqlarda köhnə maraqların rolu nədir? Məsələ burasındadır ki, tərəflərdən heç biri özünün keçmiş ənənələrindən qopmayıb, hətta xarici siyasət kurslarında keçmişlə gələcəyin əlaqəsini qurmaq cəhdlərinin şahidi oluruq.

Azərbaycanın neft habına çevrilməsindən sonra regiona ABŞ, Britaniya kimi oyunçular da gəldi, amma Vaşinqton möhkəmlənmək imkanlarını itirdi, Britaniya isə Azərbaycanı, belə demək mümkünsə, Rusiyanın maraqlarına doğru sürüklədi.

Lakin Soyuq müharibə illərində də Azərbaycan diqqətdə saxlanıldı və Britaniya hər necə olursa-olsun SSRİ-nin dağılmasından sonra Azərbaycan üzərində işlədiyi xüsusi planları dövriyyəyə saldı.

Bu mənada SSRİ-nin dağılması ərəfəsində ABŞ, Britaniya kəşfiyyatları regionda qalaqlanan və gerçəkləşməyən planlarını icra etməyə çalışdılar”.

Ekspertin sözlərinə görə, hərdən Azərbaycanda baş verən ağrılı proseslərdə əsas ağırlıq yükü Rusiyanın üzərinə qoyulur, amma strateji qatlarda daha dərin mətləblər mövcuddur:

“Britaniya Rusiyadan qisasını aldı və prosesə ABŞ-ı da qoşdu, hətta 1990-cı illərdə cərəyan edən proseslərdə özünü göstərdi, nəticədə Londonun xarici siyasətinin sağ qolu olan BP-ni Azərbaycana salmağı bacardı. Bununla da Britaniya regiona qayıtdı və geostrateji maraqlar uğrundakı nüfuz savaşı öz dairəsini genişləndirdi.

Təbii ki, müəyyən mərhələlərdə ABŞ və Britaniya NATO üzvü olan Türkiyənin oyunçuluq qabiliyyətindən yararlanıb və Türkiyənin regiondakı tarixi-siyasi maraqlarını göz önündə tutaraq Ankaranın Azərbaycanı qorumasına stimullar verib.

Ancaq Rusiya mövqelərini zəiflətsə də, Vladimir Putinin hakimiyyətə gəlişindən sonra yenidən hökmran mövqeyə qalxır və ABŞ-ın təsirləri sönür. Britaniya isə öz atəşini söndürmür və bu gün onun üzərinə benzin belə tökür”.

A.Kərimov hesab edir ki, Cənubi Qafqazdakı reallıqlar kontekstində ABŞ yarımçıq qalan layihələrini ölü nöqtədən tərpətmək istəyir, amma o, nə Rusiya, nə Britaniya, nə də Türkiyə kimi həlledici söz sahibinə çevrilir”.

“Fikirlərimi aydınlaşdırmaq üçün bir neçə tezis səsləndirəcəyəm:

– NATO Türkiyəni regionda Rusiya təsirini zəiflədə biləcək vasitə kimi görür,

– Türkiyə ona qarşı Qərbin qərəzindən dolayı Rusiya ilə yaxınlığa üstünlük verir,

– Azərbaycanla Türkiyə Rusiyanın Gürcüstana hərbi müdaxilə etməməsinə çalışır və bu məsələdə Qərbin dəstəyini alır,

– Azərbaycan-Türkiyə-Rusiya üçbucağındakı maraqlarla regional konfiqurasiya qurulur,

– Britaniya Azərbaycana da, Türkiyəyə də dəstək verir və bu iki ölkənin Rusiya ilə əlaqələrindən narahatlıqlar keçirmir,

– Britaniya Azərbaycan-Türkiyə-Pakistan üçbucağının güclənməsinə təkan verir.

Belə ziddiyyətli siyasi mənzərədə qlobal oyunçuların hansınınsa mütləq regional qalibiyyətindən danışmaq düzgün olmaz”.

Ekspert onu da bildirib ki, Türkiyənin Rusiya ilə yaxınlaşması da tarixi mənada bir meyara əsaslanır, yəni səhvlərdən nəticə çıxarılır:

“Osmanlı imperiyasını da, Rusiya imperiyasını da yıxan amillər sırasında onların bir-birinə qarşı apardığı müharibələr dayanırdı.

İndi sanki tarixdən ibrət götürülüb və rəqabət qalsa da, iki ölkə bir-birinə qarşı sərt ritorikadan çəkinir və strateji tərəfdaşlıq əlaqələrinə üstünlük verir.

Sual olunur: ABŞ proseslərin hansı nöqtəsində dayanır? Hesab edirəm ki, ABŞ əsasən İran amili üzərində dayanır və bu məsələdə Britaniyadan və İsraildən həlledici dəstəklər alır.

ABŞ İranın hədə ritorikasından narahatdır və Tehranın Azərbaycana müdaxiləsinə imkan verməz. Elə Rusiya da öz tarixi rəqibi İrana qulaqburmaları verir – mən belə düşünürəm.

Azərbaycanın Britaniya ilə münasibətləri bəllidir, ABŞ ilə əlaqələri isə mübahisəli məqamların çoxluğu üzərində artan şkala üzrə inkişaf edir. Yəni mübahisəli məqamlar Azərbaycanla ABŞ-ın ortaq strateji maraqlarına zərbələr vurmur və belə məqamda Vaşinqton Ankaranın da rəyi ilə hesablaşmaq məcburiyyəti ilə üzləşir”.

Turan Rzayev
Globalinfo.az