Fransada davam edən etirazlar Prezident Emmanuel Makronun daxili və xarici siyasətini yenidən müzakirə mövzusuna çevirib. Artan yaşayış xərcləri, sosial bərabərsizlik və müxtəlif təbəqələrin narazılığı hakimiyyətə qarşı təzyiqləri gücləndirir. Makronun prezidentliyi dövründə həyata keçirilən iqtisadi və sosial islahatlar cəmiyyətdə birmənalı qarşılanmayıb. Təkrarlanan etirazlar isə ölkədə narazılığın hələ də aradan qalxmadığını göstərir.
Makronun prezidentliyi dövründə Fransanın sosial-iqtisadi vəziyyətində hansı dəyişikliklər baş verib? Onun həyata keçirdiyi islahatlar niyə cəmiyyətin müəyyən təbəqələrinin ciddi narazılığına səbəb olur?
Globalinfo.az-a danışan politoloq Aqşin Kərimov deyib ki, Fransa tarixən inqilabi hərəkatların geniş yayıldığı ölkələrdən biri olub və bu ənənə bu gün də davam edir:
“Hazırda həmin ənənənin təzahürləri daha sərt formada özünü göstərir.
Fransanın daxili siyasətində baş verənlərdən daha çox, xarici siyasət konsepsiyasının uğursuzluğuna diqqət yetirmək lazımdır. Çünki Fransanın xarici siyasət strategiyasının uğursuzluğunu bir neçə istiqamətdə qiymətləndirmək mümkündür.
Birincisi, 2021-ci ildə ABŞ, Böyük Britaniya və Avstraliya arasında imzalanan AUKUS paktı Fransanın Hind-Sakit okean regionundakı mövqelərinə ciddi zərbə vurdu.
İkincisi, Fransa Ukrayna münaqişəsində tutduğu mövqe ilə özünü Avropanın əsas güc mərkəzlərindən biri kimi göstərməyə çalışsa da, qarşıya qoyduğu məqsədlərə tam nail ola bilmədi.
Üçüncüsü, Fransanın Cənubi Qafqaz siyasətində düzgün strategiya qura bilməməsi regionda rəqiblərinin onu sıxışdırmasına şərait yaratdı.
Dördüncüsü, xarici siyasətə ayrılan vəsaitlərin ölkə daxilində də müəyyən təsirləri olur. Xaricdə hərbi və siyasi əməliyyatlara daha çox maliyyə sərf edildikcə, daxili iqtisadiyyatda inflyasiya təzyiqləri və bahalaşma kimi problemlər də gündəmdə qalır.
Belə bir şəraitdə Fransa ictimaiyyəti Emmanuel Makronun siyasətinin effektiv olmadığına dair narazılığını iğtişaşlar və etiraz aksiyaları vasitəsilə ifadə edir. Bununla yanaşı, Fransada baş verən etirazlarda xarici müdaxilə ehtimalları da araşdırılmalı olan məsələlərdəndir.
Lakin tarixi ənənələrə və Fransanın xarici siyasətdə üzləşdiyi uğursuzluqlara nəzər saldıqda, mövcud narazılığın səbəblərinin daha geniş olduğunu görürük. Digər tərəfdən, ölkə daxilində həm sağ, həm də sol siyasi qüvvələrin Emmanuel Makrona təzyiq göstərməsi onun hakimiyyəti qarşısında əlavə problemlər yaradır.
Növbəti seçkilər ərəfəsində namizədlər Emmanuel Makronun əvvəlki siyasətindən öz təbliğatlarında geniş istifadə edəcəklər. Onlar “Biz bu siyasəti yürütməyəcəyik, daha yaxşı siyasət həyata keçirəcəyik” kimi vədlərlə çıxış edəcəklər. Beləliklə, Makronun prezidentliyi dövründə yol verilən səhvlər seçki kampaniyalarının əsas müzakirə mövzularından birinə çevriləcək”.
Safura Bənnayeva
Globalinfo.az