ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
“Bu söhbətdən bir neçə gün əvvəl Tramp Ağ Evdə yüksək rütbəli hərbi komandirlərlə görüşərək İranda genişmiqyaslı hərbi əməliyyatların bərpası variantlarını müzakirə edib”, – deyə nəşr vurğulayıb.
Qeyd edək ki, Tramp şənbə günü Palm-Biçdə jurnalistlərin suallarını cavablandırarkən İranda hələ bir və ya iki hədəfin zərərsizləşdirilməli olduğunu bildirib.
“Bizim hələ həll etməli olduğumuz, deyərdim ki, bir və ya iki obyekt var. Lakin bunu 10 dəqiqə ərzində edə bilərik. Yəqin ki, “Pickaxe Mountain” obyektinə də nəzər sala bilərsiniz və onu da həll etmək lazımdır. Bütün bunları çox sürətlə edə bilərik”, – deyə ABŞ lideri vurğulayıb.
Trampın adını çəkdiyi “Pickaxe Mountain” Qərb kəşfiyyatının ehtimallarına görə, nüvə materiallarının saxlanılması üçün istifadə oluna biləcək yeraltı obyektlərdən biridir. ABŞ indiyədək bu obyekti vurmayıb. İran isə həmin ərazidə nüvə fəaliyyəti həyata keçirildiyini inkar edir.
ABŞ Prezidenti İranla danışıqların yaxşı getdiyini də söyləyib. Bununla belə, o, Tehranın etibarlı tərəfdaş olmadığını qeyd edərək, razılaşmaların davamlılığı ilə bağlı şübhələrini ifadə edib.
Digər tərəfdən, ABŞ dövlət katibi Marko Rubio Trampın İrana yeni zərbələr endirilməsi ilə bağlı hələ yekun qərar vermədiyini bildirib. Onun sözlərinə görə, Vaşinqton diplomatik həll variantına üstünlük verir, lakin hərbi imkanlarını da nəzərdən kənarda saxlamır.
Məlumata görə, Qətərin vasitəçiliyi ilə ABŞ və İran arasında danışıqların davam etdirilməsi istiqamətində də təmaslar aparılır. Region ölkələri isə ABŞ-ın noyabrın 3-də keçiriləcək aralıq seçkilərindən sonra hərbi əməliyyatları bərpa edə biləcəyindən narahatdırlar.
Beləliklə, Vaşinqtonun diplomatik danışıqları davam etdirməsi ilə yanaşı, hərbi variantı da gündəmdə saxlaması regionda gərginliyin yenidən artması ehtimalını gündəmə gətirir.
Əliyar Xəlil
Globalinfo.az