11%C9%99

Fransada baş verən hadisələr ABŞ Prezidenti Donald Trampın da diqqətini çəkib. O, ölkədəki vəziyyətə görə immiqrasiyanı günahlandırıb və Fransa rəhbərliyini sərhədləri bağlamağa çağırıb. Ağ Ev rəhbərinin sözlərinə görə, ölkədəki problemlərin əsas səbəbi immiqrantlardır. ABŞ lideri Fransada vəziyyətin daha da pisləşməməsi üçün sərt tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Trampın immiqrantları günahlandırması nə dərəcədə əsaslıdır? Onun çağırışından sonra Fransanın sərhədləri bağlaması realdırmı?

Globalinfo.az-a danışan deputat Azər Allahverənov deyib ki, baş verən etiraz hərəkatında immiqrantların iştirakı dolayısı yolla mümkündür:

“Nəzərə almaq lazımdır ki, ölkədə çoxsaylı immiqrant yaşayır və onların ikinci, üçüncü nəsildən olan övladları artıq Fransa vətəndaşlarıdır. Onlar sosial siyasət ilə bağlı narazılıqlarını ifadə etdikdə, bu, dolayısı yolla immiqrant mənşəli əhalinin də prosesdə iştirakını göstərir. Lakin etirazlar zamanı səsləndirilən tələblərə diqqət yetirsək, burada konkret olaraq immiqrasiya ilə bağlı məsələlərin ön plana çıxmadığını görərik. Narazılıqlar daha çox yaşayış şəraitinin pisləşməsi, dövlət qurumlarının göstərdiyi xidmətlərin zəifləməsi və təhsil sahəsindəki problemlərlə bağlıdır. Xüsusilə nəzərə almaq lazımdır ki, etirazlarda iştirak edənlərin əksəriyyəti Fransanın iri şəhərlərində, maddi baxımdan zəif təbəqənin yaşadığı ərazilərdəndir. Bu da müxtəlif mənşəli, o cümlədən immiqrant ailələrindən olan şəxslərin prosesə qoşulması deməkdir. Təhsilin keyfiyyəti, müəllim çatışmazlığı və məktəblərə kifayət qədər maliyyə ayrılmaması kimi problemlər də əsasən Parisin və digər şəhərlərin aztəminatlı məhəllərində yaşayan əhalinin narazılığını artırır. Məktəblərdə başlayan proseslərdə tələbələrin və gənclərin də fəal iştirak etməsi bunu bir daha göstərir. Bütün bunlar onu deməyə əsas verir ki, söhbət ilk növbədə Fransanın daxilində baş verən etiraz hərəkatından gedir. Müəyyən iğtişaşlarda immiqrantların da iştirak etməsi istisna deyil. Ancaq bu, etirazların məhz immiqrant tələbləri üzərində qurulduğu anlamına gəlmir”.

Azer Allahverenov 1 900x600 1

Azər Allahverənov

Deputat bildirib ki, immiqrantlar Fransada vahid siyasi qüvvə kimi çıxış etmirlər:

“Müxtəlif ölkələrdən gələn immiqrant qrupları arasında əlaqələr və həmrəylik məhduddur. Bu da onların monolit qüvvə kimi birləşməsinə mane olur. Siyasi qüvvələrin yanaşmalarında da fərqlər var. Məsələn, sağçı və ifrat sağçı partiyalar daha çox miqrasiya ilə bağlı təhlükəsizlik məsələlərini gündəmə gətirir, sərhədlərə nəzarətin gücləndirilməsini müdafiə edirlər. Bu mövqe Trampın yanaşması ilə də üst-üstə düşür. Ümumiyyətlə, Tramp son iki ildə Avropa İttifaqını müxtəlif məsələlər üzrə tənqid edərkən onların immiqrasiya siyasətini də hədəfə alıb. Bu yanaşma Avropa ölkələrinin rəhbərlərinə miqrasiya məsələsi üzərindən siyasi təzyiq göstərilməsi ilə nəticələnir”.

A.Allahverənov qeyd edib ki, etirazlarda iştirak edən siyasi qüvvələrin mövqeyi prosesə müəyyən çalarlar verir:

“Bu, immiqrantlara münasibətdə də özünü göstərir. İmmiqrantların etirazlarda birbaşa iştirakı istisna olunmasa da, onların bu proseslərdə dolayısı yolla təmsil olunduğunu söyləmək mümkündür. Trampın da məhz bu mövzu üzərindən çıxış edərək Fransa hökumətini daha sərt addımlar atmağa, sərhədləri bağlamağa çağırması diqqət çəkir. O, ABŞ-ın immiqrasiya siyasətinə yanaşmasının Fransada da tətbiq edilməsini təşviq edir. Belə bir yanaşma gələcəkdə Fransada immiqrantlara qarşı əhval-ruhiyyənin güclənməsinə səbəb olacaq. Digər tərəfdən, Fransa Prezidenti Emmanuel Makron etirazların yaratdığı narazılıqdan diqqəti yayındırmaq üçün cəmiyyətdə mənfi münasibətlə qarşılanan başqa bir qrupu hədəfə çevirə bilər. Bu baxımdan, immiqrantların potensial olaraq yeni bir “düşmən obrazı” kimi təqdim edilməsi ehtimalını da istisna etmək olmaz”.

Ləman İmran
Globalinfo.az

Paylaş: