Ketrin Ermnistanda

Fransa xarici işlər nazirinin Ermənistan səfəri zamanı səsləndirdiyi fikirlər və erməni hərbçilərin basdırıldığı qəbiristanlığı ziyarət edərkən dediyi sözlər Bakıda narazılıqla qarşılanıb. Bir tərəfdən deyilir ki, Fransa Azərbaycanla münasibətləri düzəltmək istəyir, digər yandan isə Bakını qıcıqlandıran bəyanatlar verir, hərəkətlər edir.

Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bildirib ki, Fransa gücünü itirir, bu səbəbdən fərqli şəkildə mövqe qazanmağa çalışır:

“Fransa xarici işlər naziri Ketrin Kolonnanın Ermənistana səfərində əsas məqsəd Cənubi Qafqaza ölkəsinin nüfuz dairəsi kimi baxmaq, xüsusilə İrəvan üzərindən icra olunan siyasəti gündəmə daşımaqdan ibarətdir. K.Kolonna öz erməni “qohumlarının” yanında dayanıb mesaj verir, qəbirləri ziyarət edir. Amma o məzarlıqda cəsəd sayının artmasına görə məsuliyyət Fransanın özünə aiddir.

Paris dünyadan qovulur. Beynəlxalq münasibətlər yenidən tənzimlənir, burada Fransa beynəlxalq birliyin əsas beş ölkəsindən biri səviyyəsində qala bilmir, rolunu itirir. Dünya sistemindən, Afrika müstəmləkələrindən çıxarılır. Ona görə də dünya gündəmində qalmaq üçün yeni boşluqlar axtarır. Paris Rusiya-Ukrayna müharibəsindən bu məqsədlə istifadə edərək yağlı bir tikə qopara bildi. O, dünyaya Avropa İttifaqının gözündən baxır, monitorinq qrupunu Ermənistana göndərməsi də burada əsas uğuru oldu”.

Ə.Əlibəyli Fransanın Cənubi Qafqazla bağlı fərqli planlarının olduğunu söyləyib:

“Həmçinin Fransanın Ermənistandakı səfirliyində hərbi missiyası yaradılacaq. Maraqlıdır, KTMT üzvü olan Ermənistan və NATO üzvü olan Fransa yürütdükləri siyasətlə göstərirlər ki, bu hərbi blokları tərk etmək üzrədirlər. Emmanuel Makron Çinə səfər zamanı genişləndirilmiş Avropa ideyasını üçüncü bir güc mərkəzi kimi təklif etdi. Makron həmçinin Cənubi Qafqazı da bu çərçivədə “Yeni Avropa”nın bir hissəsi kimi qəbul etməyə çalışır. Belə görünür ki, Paris Cənubi Qafqazı Rusiya və Türkiyədən qoparmağa cəhd edir. İranın Azərbaycan əleyhinə artan həmlələri də bununla bağlıdır. Bu, Fransanın son həmləsidir demək olar. Amma onu regionda ciddi rəqiblər gözləyir”.

Qeyd edək ki, Fransanın xarici işlər naziri Ketrin Kolonna ötən həftə Ermənistana səfər etmiş, Azərbaycanla bağlı sərt və əsassız ittihamlar səsləndirmişdi.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: