Ermənistanın 33 illik sirri: “İrəvana milyardlar göndərilirdi, sonra Putin gəldi…”

Ermənistan Milli Konqresi Partiyasının sədr müavini, keçmiş deputat Levon Zurabyanın ABŞ-dan alınan maliyyə yardımları ilə bağlı açıqlaması müzakirələrə səbəb olub. L.Zurabyan birinci prezident Levon Ter-Petrosyanın dövründə Ermənistanın 1991 – 1997-ci illər arasında ABŞ-dan milyonlarla dollar yardım aldığını açıqlayıb.

Zurabyan Brüssel görüşündə Ermənistana ayrılan məbləğin həmin yardımın miqdarı ilə müqayisədə dəfələrlə az olduğunu bildirib. Belə ki, Nikol Paşinyan Qərbin maliyyə yardımın azlığının səbəbinin Ermənistanın 33 il öncə səhv tərəfi seçməsi olduğunu deyib. L.Zurabyan isə hələ 1991-ci ildən ABŞ-dan alınan dəstəyin indikindən çox olduğu, belə olan halda, İrəvanın səhv tərəf seçmək fikrinin doğru olmadığını deyib.

Belə çıxır ki, müstəqillik dövründə tam şəkildə Rusiyadan asılı olduğu deyilən Ermənistan, hələ müstəqilliyin ilk illərindən Qərb istiqamətini seçib? Paşinyan hələ 33 il əvvəl ABŞ-dan küllü miqdarda dəstək alan Petrosyanın siyasətini davam etdirməyə çalışır? Maraqlıdır, o zaman əldə edilən 1 milyarda yaxın vəsaitin aqibəti necə oldu? 33 ildə nə dəyişdi ki, ABŞ Ermənistana dəstəyi sadəcə 65 milyona qədər azaltdı?

Mövzunu Globalinfo.az -a şərh edən politoloq Oqtay Qasımov bildirib ki, Ermənistan müstəqilliyin ilk illərdən təkcə ABŞ-dan 1 milyard dollardan çox yardım alıb:

“Ermənistan müstəqilliyini qazandığı gündən indiyə kimi Rusiyadan asılılığı davam edib. Sadəcə olaraq müstəqilliyin ilk illərində Rusiya özü də zəif və maliyyə resursları məhdud olduğu üçün Ermənistana Qərbdən ciddi dəstək göstərilib. Xüsusi ilə ABŞ-da güclü erməni lobbisinin olduğunu nəzərə alsaq, müstəqilliyin ilk illərində daha çox yardım göstərilib. Sadəcə 1992-97 -ci illərdə Ermənistana ABŞ xətti ilə göstərilən maliyyə dəstəyinin həcmi 1 milyard 705 milyon dollar təşkil edib. Yəni 5 illik müddətdə hər il verilən 341 milyon dollar Ermənistanın ümumi büdcəsini təşkil edirdi.
Levon Ter-Petrosyan praqmatik siyasətçi idi, Ermənistanı Rusiyanın orbitindən çıxarmağın o zaman mümkünsüz olduğunu dərk edirdi. O, eyni zamanda Azərbaycan torpaqlarını Moskva vasitəsi ilə işğal altında saxlamağın daha rahat olduğunu bilirdi. Bütün bunları nəzərə alaraq Rusiya ilə hərbi müttəfiqliyi davam etdirib. Petrosyan Qərblə münasibətləri də konstruktiv şəkildə qurmaqla onlardan yüksək miqdarda maliyyə vəsaitləri alıb”.


Oqtay Qasımov

Politoloq hakimiyyət çevrilişindən sonra İrəvanın Vaşinqton və Moskva ilə münasibətlərinin dəyişdiyini deyib:

“1997-ci ildə Ermənistanda hakimiyyət çevrilişi oldu. Nəticədə Rusiya agenturasının üzvləri olan Robert Köçəryan və Serj Sərkisyan hakimiyyətə gəldi. Beləliklə ABŞ Ermənistana dəstəyin miqdarını azaltdı. İrəvana maliyyə yardımlarının azalması Vladimir Putinin Rusiyada hakimiyyətə gəldiyi dövrlərə təsadüf edir. Rusiyanın nüfuzu və Ermənistana təsiri ABŞ-ı öz siyasətində müəyyən dəyişikliklər həyata keçirməyə vadar etdi. Əslində indi Nikol Paşinyan tam olaraq Petrosyanın siyasətini davam etdirdiyini demək olmaz. Amma o da Qərbyönümlü siyasət yürütməyə çalışır. Həmçinin Qərblə bazarlıq etmək istəyir. İndi ABŞ və Avropa İttifaqı daha böyük problem kimi Ukraynanı dəstəkləyir, ona iri miqyaslı maliyyə yardımları ayrırlar. Bu səbəblə Ermənistana ayrılan məbləğ hələlik elə də böyük görünmür. Amma İrəvan üçün bu rəqəm də əhəmiyyətlidir.”

O.Qasım ABŞ və Qərbin hazırda daha vacib problemlərlə üz-üzə olduğunu bildirib:

“Nəzərə alaq ki, bu yardım miqdarı sadəcə ictimaiyyətə açıqlanandır. Bağlı qapılar arxasında nələrin müzakirə edildiyinə dair tam şəkildə məlumatımız yoxdur. Hər dövrün öz şərtləri var. Petrosyanın hakimiyyət illəri Ermənistanın müstəqlliyinin ilk dövrləri idi. Ölkənin ayaqda qalması, müstəqil dövlət kimi formalaşması üçün ona dəstək göstərilirdi. Hazırda şərtlər dəyişib. Qeyd etdiyimiz kimi ABŞ və Avropa İttifaqı Ukraynadan başqa, həm də Yaxın Şərqdəki münaqişəyə cəlb olunublar. İsrailə də maddi yardımlar göndərilir. Düşünürəm ki, Ermənistan bu məsələlər fonunda əsas prioritet deyil”.

Ayşən Mustafa
Globalinfo.az