“Son zamanlar diqqətlər Ermənistanda keçirilən seçkilərə yönəldi. Çünki bu seçkilər daxili siyasi hadisədən daha çox Rusiya ilə Qərb arasında gedən rəqabətə bənzəyirdi. Burada seçicilərin pul qarşılığında səsverməyə cəlb olunmasını da nəzərə alsaq, deyə bilərik ki, rəqabət həm də rubl ilə avro arasında gedirdi”.
Bu sözləri Globalinfo.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.
Politoloq bildirib ki, seçkilər zamanı ciddi qanun pozuntuları da müşahidə edildi:
“Baş nazir Nikol Paşinyan bu seçkilərdə də ona qarşı olan insanlara münasibətdə kəskin addımlar atdı, həbslərin şahidi olduq. Cənubi Qafqazda bugün yeni siyasi reallıqlar formalaşıb. Bu reallıqları formalaşdıran Azərbaycandır. Sülh gündəliyinin irəli aparılması zərurətdir. Referendumun keçirilməsi, Ermənistan Konstitusiyasının dəyişdirilməsi, Azərbaycana qarşı ərazi iddialarının aradan götürülməsi lazımdır. Görünən odur ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsindən ayırmağa çalışırlar. Lakin Azərbaycanla Türkiyənin koordinasiyalı siyasəti nəticəsində birgə və müştərək addımlar davam etdiriləcək. Ermənistan bir reallığı anlamalıdır ki, qonşu dövlətə qarşı ərazi iddiasını əsas sənəddə saxlamaqla inkişaf yolu mümkün deyil.
Baxmayaraq ki, Azərbaycan güclü aktordur, amma Ermənistana qarşı ərazi iddiası irəli sürməyib. Ölkəmizin rəsmi sənədlərində, Konstitusiyasında Ermənistana və heç bir dövlətə qarşı ərazi iddiası olmayıb”.

Şəbnəm Həsənova
Politoloq qeyd edib ki, bu səbəbdən Ermənistan cəmiyyəti referendum vasitəsilə mənfi amilləri siyasi sənədlərdən çıxarmalıdır:
“Ermənistanın birdən-birə Rusiya bazarından uzaqlaşması da mümkün deyil. Bu mexanizmlər baxımından da, texniki olaraq da hələ uzun müddət real görünmür, həm də Ermənistan üçün son dərəcə yıxıcı ola bilər. Bu, cəmiyyətin inkişafdan geri qalmasına səbəb olar, inkişafa, iqtisadi durumuna zərbə vurar. Mərhələli həll variantının həyata keçirilməsi daha məqsədəuyğundur. Bunun üçün isə inkişaf zəruridir. Regionda nəqliyyat və kommunikasiyaların açılması lazımdır. Gediş-gəlişin təmin olunması xalqlar arası etimad quruculuğuna müsbət təsir göstərəcək. Həmçinin mühüm amil kimi Zəngəzur dəhlizinin üzərində dayanılmalıdır.
Ermənistan cəmiyyəti başa düşməlidir ki, referendum dəyişikliyi hansısa bir fiqurun hakimiyyətdə qalmasından asılı olmayaraq baş tutmalıdır. Burada söhbət müəyyən siyasi şəxsdən və fiqurdan getmir. Siyasi kursun dəyişdirilməsi lazımdır ki, sonrakı mərhələlərdə heç bir problem gələcək nəsillərin üzərində yük olmasın”.
Turan Rzayev
Globalinfo.az