Ermənistan Avropa İttifaqına üzv olur?

Avropa Parlamentində Ermənistanın Aİ-yə üzvlük imkanlarının müzakirəsini təklif edən qətnamə qəbul olunub. Qətnamə layihəsində Avropa Parlamentinin üzvləri Ermənistana Aİ üzvlüyünə namizəd statusunun verilməsi imkanlarına baxmağı təklif ediblər.

Maraqlıdır, Ermənistan Avropa İttifaqına üzv olacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Natiq Miri deyib ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamə tövsiyyə və icra strukturlarına müəyyən mənada məsləhət xarakteri daşıyır:

“Qətnamənin, ideyanın arxasında Fransanın dayandığı aydındır. Çünki hər qətnamədə rəsmi Parisin Azərbaycan əleyhinə ştrixlərini görürük. Təkcə Ermənistanın Avropa İttifaqına üzvlüyü deyil, Azərbaycanın guya “Qarabağı işğal etməsi”, İrəvana “hərbi təhlükə” törətməsi kontekstində Ermənistanın silahlandırılması da tövsiyə olunur. Görünür, AP Fransanın girovuna çevrilmiş strukturdur.

Ukrayna, Moldova və Gürcüstanın davamı olaraq Fransanın patronajlığı ilə Ermənistana da üzvlüklə bağlı namizədlik statusundan söhbət gedir. Qərbin hazırkı Cənubi Qafqaz siyasəti fonunda İrəvan hakimiyyətini şirnikləndirmək üçün bu proses reallaşa bilər. Lakin namizədlik statusu yaxın perspektivdə Ermənistanın Aİ-yə üzv olacağı anlamına gəlməməlidir. Bu, uzunmüddətli məsələdir. Üzvlük üçün Avropa İttifaqının standartlarına hər cəhətdən uyğun olmaq lazımdır”.

Politoloqun fikrincə, Ermənistan namizədlik statusu alarsa, erməni cəmiyyətində Nikol Paşinyan hökumətinin mövqeyini gücləndirəcək:

“Mövcud durumun Azərbaycanla proseslərə təsir edəcəyini düşünmürəm, çünki Avropa vahid mexanizm olaraq çıxış edə bilmir. Bir tərəfdə Avropanın icra strukturları rəsmi Bakı ilə xoş münasibət və əməkdaşlıqdan dəm vurur, digər tərəfdə isə Avropa Parlamenti kimi strukturlar tamamilə Fransanın çaldığı oyunlara oynayır. Azərbaycan bu gün Avropa İttifaqına üzv ölkələr üçün vacib dövlətdir. İrəvandan fərqli olaraq Bakı Aİ-nin enerji təhlükəsizliyində iştirak edən çox vacib geoiqtisadi amillərdən biridir. Cənubi Qafqaz siyasətində Azərbaycan Qərb üçün vazkeçilməz ölkədir. Rəsmi Bakının razılığı olmadan Qərbin Cənubi Qafqaz siyasəti suya düşəcək. Digər yandan ABŞ-ın Azərbaycana qarşı mövqeyinin dəyişdiyi də hiss olunur. Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ-ın Dövlət katibi Entoni Blinken arasında Cənubi Qafqazla bağlı müəyyən razılaşmaların əldə edilməsi buna misaldır”.

Safura Bənnayeva
Globalinfo.az