Ermənistan Rusiyanın orbitinə qayıdır: Qərbə xidmət cəzasız qalmayacaq

“Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə və Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla telefon danışıqları barədə məlumat verilib. Telefon görüşləri üçün təşəbbüsün kim tərəfindən edildiyi barədə məlumat yoxdur. Biz bu haqda sadəcə hipotezlər irəli sürə bilərik”.

Bu fikirləri politoloq Əlimusa İbrahimov Globalinfo.az-a açıqlamasında bildirib.

Ə.İbrahimov hesab edir ki, ilk telefon danışığı Paşinyan tərəfindən irəli atılıb:

“Yəni Nikol Paşinyan Putinə zəng edib və Rusiyanın əvvəllər İrəvandan tələb etdiyi, lakin onların razı olmadıqları məsələlərə hazır olduğunu bəyan edib. Məsələn, bu KTMT-nin imzalanmamış maddələrinin imzalanması, yaxud Ermənistanın bu təşkilatın missiyasını da qəbul etməyə hazır olduğunu bildirməsi ola bilər. Düşünürəm ki, Ermənistan Rusiya ilə münasibətlərdə vəziyyəti qaldığı yerdən başlamağa can atır. Çünki onun Avropa və Qərb istiqamətində inteqrasiya cəhdləri istədiyi nəticəni vermədi, 100 nəfərdən ibarət heç bir işə yaramayan mülki missiyanın göndərilməsindən başqa”.
Ekspert əminliklə bildirib ki, yaxın günlərdə Rusiya-Ermənistan münasibətlərində nəzərəçarpacaq istiləşmənin şahidi olacağıq:

“Eyni zamanda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hazırlanması istiqamətində Rusiyanın fəallaşacağı da gözlənilir. Yaxın zamanlarda Putinin iştirakı ilə üçlü görüş olmasa da, Lavrovun iştirakı ilə xarici işlər nazirlərinin görüşünün baş verəcəyi gözləniləndir. Amma qeyd etməliyəm ki, artıq bundan sonrakı görüşlərdə həm Azərbaycan, həm də Rusiyanın Ermənistana qarşı mövqeyi daha sərt olacaq. Çünki artıq Qərb ölkələri və Amerikanın Azərbaycana təzyiqlərdə daha irəli getmək fikirləri yoxdur və ümumiyyətlə Ermənistana görə Azərbaycan və həm də Türkiyə ilə münasibətləri gərilmə nöqtəsinə gətirmək fikrində deyillər. Bu barədə Ermənistan hökumətinə müxtəlif kanallarla xəbərdarlıq edilib”.

Politoloq qeyd edib ki, Paşinyanın yenidən Rusiyanın orbitinə qayıtmaq istəyi göz qabağındadır:

“Amma Ermənistanın son bir neçə ayda Rusiya və Azərbaycanın tələbləri qarşısında etinasızlıq göstərməsi onun üçün əvəzsiz ötüşməyəcək. O layiq olduğu səviyyədə cəzasını alacaq ki, bir də belə iş tutmasın”.

Gülnar Səlimova
Globalinfo.az