Ermənistan çıxılmaz durumda: Qalan kəndlər qaytarılmasa…

“Azərbaycan Qazaxın işğal atında olan 4 kəndini rəsmi olaraq geri qaytardı. Bu çox mütərəqqi prosesdir. Son aylar ərzində Azərbaycan və Ermənistan arasında siyasi münasibətlər müəyyən dərəcədə normallaşıb. Təbii ki, bu prosesdə Azərbaycanın qətiyyətini xüsusilə vurğulamaq istəyirəm. Ancaq həll edilməyən məsələlər hələ ki, qalır”.

Globalinfo.az-a danışan politoloq Rüstəm Tağızadə deyib ki, Qazaxın 3 kəndi və Naxçıvanın Kərki kəndi Ermənistanın işğalı altındadır:

“Qazaxın Yuxarı Əskipara, Sofulu və Bərxudarlı kəndləri anklavdır. Digər belə bir kənd isə Naxçıvan yaxınlığındakı Kərki kəndidir. Ermənistan 3 anklav kəndinə görə öz etirazını bildirir.

Ermənistana görə, kəndlər Azərbaycana verilərsə, Ermənistan üçün dövlətlərarası yollarla bağlı ciddi problem yaranır. Ermənistanın Voskepar kəndi isə hər tərəfdən Azərbaycan ərazilərinin “mühasirəsinə” düşür.

Ermənistanı Gürcüstanla birləşdirən yol Tavuş rayonunda bu kəndlərin yaxınlığından keçir. Kəndlər Azərbaycana verildikdə yolun bir hissəsi Azərbaycanın nəzarəti altına düşür və faktiki Ermənistanın Gürcüstandan quru yolla əlaqəsinin kəsilməsi riski yaranır.

Ermənistanı təbii qazla təchiz edən boru kəməri də bu ərazidən keçir. Ermənistan kəndlərini birləşdirən dolanbac yollarının bir hissəsi də indi Azərbaycanın nəzarətində olmayan ərazidən keçir. Ancaq Azərbaycanın mövqeyi bəllidir. Anklav kəndlər xüsusi ekspert qrupunun iştirakı ilə sərhədləri müəyyən edilməli və Azərbaycana qaytarılmalıdır. Məhz bu kəndlərə görə Ermənistanda keşiş Baqratın Paşinyana qarşı üsyanı baş verdi. Onu da qeyd edim ki, Ermənistanın Kirants kəndi son günlər boşaldılmışıdır”.

Naxçıvanın Kərki kəndi

Ekspert deyib ki, Qazaxın 7 kəndini işğal edən Ermənistan Azərbaycana şərt irəli sürə bilməz:

“Öz vətəndaşlarının və ya yollarının təhlükəsizliyini düşünən Ermənistan bu hadisələri qabaqcadan hesablamalı idi. Ona görə Qazaxın anklav olan 3 kəndini qeyd-şərtsiz Azərbaycana qaytarmalıdır. Bu kəndlərin Azərbaycana qaytarılması fikrimcə, yaxın günlər ərzində olmasa da yaxın aylar ərzində mümkün olar.

Komissiya qrupları hal-hazırda xəritələrə əsasən sərhədləri müəyyən edirlər. Bundan başqa Ermənistanın başqa çıxış yolu yoxdur. Azərbaycan ordusu daima hazır vəziyyətdədir. Düzdür, güc tətbiq edilməsi hal-hazırda gündəm deyil. İqtisadi vəziyyəti yaxşı olmayan Ermənistan hökuməti Azərbaycanla münasibətləri düzəltmək fikrindədir. Ancaq Ermənistana bu mövzuda mane olan qüvvələr də var. Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra yeni reallıqlar yaratdı.

Regionda güc sahibi Azərbaycandır. Ona görə həm Ermənistan, həm də ona dəstək verən dövlətlər Azərbaycanın maraqlarını nəzərə almalı və ona uyğun siyasət yürütməlidirlər. Azərbaycan anklav olan bu 3 kəndlərlə əlaqədar Ermənistana diplomatik təzyiqlər edəcəkdir”.

Turan Rzayev
Globalinfo.az