Ərdoğanın planı reallaşır: onlar tarixi torpaqlarına qayıdırlar

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) nümayəndəsi Mustafa Elitaş “CNN Türk”ün efirində deyib ki, Ankara ilə Dəməşq arasında normallaşma prosesi suriyalıların öz ölkələrinə qayıtmasını sürətləndirəcək.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, son vaxtlar Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması prosesi gedir:

“Bu hər iki tərəfin səyləri nəticəsində davam edir. Burada geosiyasi, iqtisadi, hərbi və s. kimi məsələlər də gündəmdədir. Türkiyənin Suriya ilə münasibətləri normallaşdırmasında bir məqsəd də ölkədə yaşayan suriyalı qaçqınları çıxartmaqdır. Türkiyə ərazisində suriyalıların olması daxildə ciddi narazılıqlara səbəb olur. Müxalifətin əlini gücləndirməklə yanaşı, mövcud iqtidara qarşı problemlər yaradır. Bu problemlər iqtisadi məsələlər, işsizlik fonunda müşahidə edilir”.

Kənan Novruzov

Siyasi şərhçinin sözlərinə görə, prosesin icra olunması üçün müəyyən vaxt tələb olunur:

“Türkiyənin hazırkı hakimiyyətinin suriyalı qaçqınları ölkədən birdən-birə çıxaracağını düşünmürəm. Çünki orada münbit şərait yoxdur. Kütləvi köç üçün yenidənqurma, bərpa işlərinə ehtiyac var. Türkiyə-Suriya münasibətlərinin normallaşması fonunda gələcəkdə həmin prosesin baş tutması istisna edilmir. Bununla da növbəti seçkilərdə müxalifətin əsas “kozur”u əlindən alınacaq”.

Safura Bənnayeva
Globalinfo.az