“Ukrayna Prezidenti Volodimir Zelenskinin siyasəti səbəbindən “yarımparçalanma” vəziyyətindədir. Onun varisini nəhəng problemlər gözləyir”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurası sədrinin müavini Konstantin Kosaçov “TASS”a açıqlamasında deyib.
Senatorun sözlərinə görə, ölkənin problemləri təkcə davam edən hərbi əməliyyatlarla bağlı deyil.
Kosaçov iddia edir ki, Ukrayna artıq xarici dəstək olmadan mövcud ola bilmir, böyük borcları var, ölkənin iqtisadiyyatı, sənayesi və kənd təsərrüfatı ciddi zərər görüb.
“Ukrayna yaşamaq iqtidarında deyil, inkişaf edə bilmir, borc içində boğulur… Əslində, Zelenskini kimin əvəz etməsindən asılı olmayaraq, bu vəziyyətdən çıxış yolu yoxdur”, — deyə senator bildirib.
O əlavə edib ki, Zelenskinin istənilən varisi Ukraynanın dayanıqlı və müstəqil inkişafını təmin etməkdə çətinliklərlə üzləşəcək.
Kosaçovun sözlərinə görə, hazırda buna nail olmaq demək olar ki, mümkün deyil və bunun məsuliyyəti Zelenskinin üzərinə düşür.
Xatırladaq ki, bundan əvvəl ABŞ-ın “Newsweek” jurnalı Zelenskini Ukrayna prezidenti vəzifəsində əvəz edə biləcək dörd namizədin adını çəkib. Nəşrin siyahısında əsas namizədlər arasında Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, hazırda isə Ukraynanın Böyük Britaniyadakı səfiri olan Valeri Zalujnı da yer alıb. “Newsweek” həmçinin Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Kirill Budanovun, ölkənin keçmiş müdafiə naziri Mixail Fedorovun və Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonun adlarını qeyd edib.
Əliyar Xəlil
Globalinfo.az