pasinyan eliyev

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan son görüş Bakı-İrəvan münasibətlərində gərginliyin azalması istiqamətində müsbət hadisə kimi dəyərləndirildi. Albaniyada keçirilən Avropa Siyasi Birliyi Sammiti çərçivəsində baş tutan qeyri-rəsmi görüşdən yayımlanan kadrlarda tərəflər arasında müəyyən diplomatik səmimiyyətin formalaşdığı müşahidə olunur.

Bununla belə, Paşinyanın görüşlərdən dərhal sonra verdiyi bəzi açıqlamalar sülh prosesi ilə bağlı suallar doğurur. Ermənistan liderinin ziddiyyətli bəyanatları, bir tərəfdən sülhə sadiqlik mesajı verib, digər tərəfdən “heç nədə razılaşmadım” ritorikası sərgiləməsi prosesi zərbə altında qoyur. Analitiklər bu davranışı Paşinyanın daxili siyasi balansı qorumaq cəhdi və ya müəyyən xarici mərkəzlər qarşısında mövqe nümayişi kimi izah edirlər.

Bakı-İrəvan danışıqlarında son vəziyyət nədir? Sülh sənədinin yaxın zamanda imzalanması nə dərəcədə mümkün görünür?

Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova bildirib ki, Paşinyanın bəyanatları artıq ənənəvi xarakter alıb:

“Bu, Ermənistanın mövcud hərbi-siyasi hakimiyyətinin sülhdən nə qədər uzaq olduğunu açıq şəkildə göstərir. İlk növbədə onu qeyd etmək lazımdır ki, Ermənistan tərəfi sülh istəmir, sadəcə vaxt qazanmağa çalışır. Bütün manipulyativ çıxışların məqsədi də məhz budur. Paşinyanın konstitusiyaya dəyişikliklə bağlı son bəyanatları buna bariz nümunədir. Sülhü imitasiya oyunu Ermənistanın və onu dəstəkləyən qüvvələrin ənənəvi ritorikasının təzahürüdür. Hətta İrəvan rəsmilərinin sülh mətninin 17 bəndi üzrə razılığın əldə olunması ilə bağlı çıxışları da bu məqsədə xidmət edir.

ayten
Aytən Qurbanova

Natamam sülhü hədəfləyən Paşinyan və onun himayədarlarının əsas məqsədi heç də regionda sabitliyin təmin olunması deyil. Amma onların niyyətindən asılı olmayaraq, Azərbaycanın konkret tələbləri var və bunlar gec-tez yerinə yetiriləcək. Prezident İlham Əliyevin Albaniyada və Macarıstanda verdiyi mesajlar həm Ermənistana, həm də onu dəstəkləyən qüvvələrə bu tələblərlə bağlı konkret mövqeyimizi bir daha aydın şəkildə xatırlatmış oldu.

Yəni Ermənistan Konstitusiyasına dəyişiklik və ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı real addımlar atılmadığı müddətcə, Paşinyan tərəfindən verilən sülh bəyanatlarının heç bir nəticəsi ola bilməz.”

Turan Rzayev
Globalinfo.az

Paylaş: