zire deniz limani 131

Rusiyanın nüfuzlu “İnfranyus” portalı Azərbaycanın Zirə limanında STS kranının istismara verilməsindən yazıb.

Globalinfo.az xəbər verir ki, nəşr bunu “unikal hadisə” kimi dəyərləndirib.

Bildirilib ki, STS-45 kranı tamamilə azərbaycanlı mühəndislər və “Zira Port Marine Industrial Complex”in mütəxəssisləri tərəfindən layihələndirilib və istehsal olunub. Avtomatlaşdırma sistemi və elektrik avadanlıqları isə “Schneider Electric” şirkəti tərəfindən təmin edilib.

Bu, Xəzərdəki ən böyük STS kranıdır. Oxunun yanalma xəttindən 38 metr məsafəyə uzanması sayəsində kran təxminən 15 konteyner sırası enində olan, Panamax sinfinə aid gəmilərə xidmət göstərə bilir.

Yükqaldırma qabiliyyəti 45 ton, yanalma səviyyəsindən yuxarı qaldırma hündürlüyü isə 30 metrdir.

Başqa sözlə, kranın imkanları hazırkı ehtiyacları xeyli üstələyir. Hazırda Xəzərdə istismar olunan ən böyük konteynerdaşıyan gəmilərin tutumu 350 TEU, eni isə 21 metrdir ki, bu da 7 konteyner sırasına uyğundur.

Bakı Gəmiqayırma Zavodu bu yaxınlarda tutumu iki dəfə çox — 780 TEU olan gəmilərin tikintisi üçün müqavilələr imzalayıb. Lakin həmin gəmilərin də eni 21 metr, konteyner sıralarının sayı isə 8-ə qədər olacaq.

Qeyd edək ki, Zirə Dəniz Limanı Xəzər sahilində, Bakıdan 50 kilometr məsafədə yerləşən özəl liman və gəmiqayırma-sənaye klasteridir. Limanın sahibi, inşaatçısı və operatoru Azərbaycanın tikinti-sənaye holdinqi “ADO-G Group”dur. Limanın tikintisinə 2016-cı ildə başlanılıb. 2025-ci ilin əvvəlində limanı dəmir yolu şəbəkəsi ilə birləşdirən dəmir yolu qolunun modernləşdirilməsi tam başa çatdırılıb və liman ilk tranzit yük qatarlarını qəbul etməyə və yola salmağa başlayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: