Türkiyə ABŞ Prezidenti Donald Trampla əldə olunan razılaşma çərçivəsində Rusiyanın dünya bazarlarına çıxardığı dizel yanacağının bir hissəsini satın alacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraqdar açıqlama verib. O bildirib ki, Rusiya dizel yanacağının tədarükü ilə bağlı razılaşma Türkiyənin enerji təminatının gücləndirilməsi baxımından əhəmiyyətlidir.
Nazirin sözlərinə görə, Ankara enerji tələbatını ödəmək üçün Rusiya, İran, Azərbaycan və digər ölkələrdən gələn tədarükə güvənir. Bununla yanaşı, Türkiyə enerji mənbələrini şaxələndirmək və təchizat təhlükəsizliyini artırmaq məqsədilə ABŞ və digər tərəfdaşlarla əməkdaşlığı genişləndirməyə çalışır.
Bayraqdar qeyd edib ki, Rusiya son aylarda yaranan problemlər səbəbindən dizel yanacağının ixracına məhdudiyyətlər tətbiq etmişdi. Lakin ABŞ ilə əldə olunan razılaşma və Ankara ilə aparılan danışıqlar nəticəsində həmin yanacağın müəyyən hissəsinin Türkiyəyə yönəldilməsi mümkün olub.
Nazir bu tədarükün ölkənin enerji ehtiyaclarının qarşılanmasına töhfə verəcəyini vurğulayıb.