ABŞ Azərbaycan və Ermənistanın saxlanılanların dəyişdirilməsi qərarını alqışlayır.
Globalinfo.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Millerin müvafiq mövzulu bəyanatında bildirilib.
“Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanın 2 azərbaycanlı və 32 erməni saxlanılanın azad edilməsi barədə açıqlamasını alqışlayır. Bu, tərəflərin sülh sazişi prosesini yekunlaşdırmaq və münasibətləri normallaşdırmaq üzərində işlədiyi bir vaxtda etimadın möhkəmləndirilməsi tədbiridir. Biz Azərbaycan Prezidenti Əliyevi və Ermənistanın Baş naziri Paşinyanı Cənubi Qafqaz xalqları üçün daha dinc və firavan gələcək naminə səylərinə görə alqışlayırıq.
Birləşmiş Ştatlar davamlı və ləyaqətli sülhə nail olmaq üçün səyləri güclü şəkildə dəstəkləməyə davam edəcək”, – sənəddə qeyd olunub.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.