“Güclü Ermənistan” blokunun lideri, iş adamı Samvel Karapetyan Ermənistan ərazisində ya Rusiya, ya da Türkiyənin hərbi bazasının olacağını bildirib. O, bunu Ermənistanın Baş naziri Nikol Paşinyanın 102-ci Rusiya hərbi bazasının ölkədən çıxarılmasına etiraz etməyəcəkləri barədə açıqlamasını şərh edərkən deyib.
Rus politoloq Dmitri Solonnikov isə Globalinfo.az-a açıqlamasında bildirib ki, ermənilər Türkiyənin tabeliyində olduğu illəri məmnuniyyətlə xatırlayaraq “indi biz NATO-da birlikdə olacağıq və Türkiyə öz qoşunlarını ərazimizdə yerləşdirəcək” deyirlər. Politoloqun sözlərinə görə, Ermənistan üçün Ukrayna ssenarisinin mümkünlüyü barədə söhbətlər məhz buna əsaslanır. Hesab edilir ki, Türkiyənin Ermənistanda guya hərbi baza yaratmaq fikri ruslar tərəfindən ortaya atılıb və Ukrayna ssenarisinə bənzər formada Azərbaycan və Ermənistana qarşı istifadə etmək məqsədi daşıyır.
Dmitri Solonnikov
Globalinfo.az-a danışan ehtiyatda olan türkiyəli kontr-admiral Prof. Dr. Cihat Yaycı bildirib ki, bir siyasətçi və ya şərhçinin irəli sürdüyü ehtimalı Türkiyənin qərarı və ya hazırlığı kimi şərh etməmək lazımdır:
“Karapetyanın “Ya Rusiya bazası, ya da Türkiyə bazası” ifadəsi Ermənistanın yalnız iki variantının olduğu qənaətini yaradır. Lakin suveren bir dövlətin təhlükəsizliyi mütləq başqa dövlətin hərbi bazasının yerləşməsindən asılı deyil.
Türkiyənin Ermənistanda hərbi baza quracağı iddiasında konkret bir dəlil yoxdur. Rusiyalı şərhçinin belə bir ehtimaldan bəhs etməsi bunun Rusiyanın rəsmi planı və ya siyasəti olduğunu sübut etmir. Bəyanatlar, niyyətlər və dövlətin qərarları bir-birindən fərqləndirilməlidir.
Lakin Türkiyənin adının Ermənistan ictimai rəyində qorxu yaradan element kimi istifadə edilməsini düzgün hesab etmirəm. Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istəyən Ermənistanın Rusiya ilə toqquşmasına ehtiyac yoxdur, necə ki, Rusiya ilə münasibətləri qorumaq üçün Türkiyə və Azərbaycana qarşı düşmənçilik tələb olunmur. Region ölkələrini belə bir seçimə məcbur etmək sülhə xidmət etmir”.
Cihat Yaycı
Ekspert qeyd edib ki, “Yeni Ukrayna” müqayisəsinə də ehtiyatla yanaşmaq lazımdır:
“Bu kimi müqayisələrin Ermənistanın xarici siyasət seçimlərinə qarşı təzyiq və ya təhdid forması kimi istifadə olunması bölgədə inamsızlığı artırır. Cənubi Qafqazın böyük dövlətlərin qarşıdurması üçün yeni bir arenaya çevrilməsi nə Türkiyənin, nə də Azərbaycanın maraqlarına uyğundur.
Türkiyənin Azərbaycanla hərbi əməkdaşlığı ayrı əsasda həyata keçirilir. Biz bir millət, iki dövlətik. Şuşa Bəyannaməsi ilə möhkəmləndirilmiş müttəfiqliyimiz çərçivəsində müdafiə sahəsində əməkdaşlığımızın inkişafı iki suveren dövlətin ortaq iradəsinə əsaslanır. Əgər ehtiyac yaranarsa və iki dövlət bunu məqsədəuyğun hesab edərsə, hərbi baza da daxil olmaqla zəruri tənzimləmələr bu çərçivədə nəzərdən keçirilə bilər. Lakin bunu Ermənistandakı Rusiya bazasının gələcəyi ilə əlaqələndirmək düzgün deyil”.
C.Yaycı bildirib ki, Türkiyə Azərbaycanın təhlükəsizliyini və hüquqlarını qoruyaraq regional sülhü dəstəkləməlidir:
“Ermənistan da öz təhlükəsizliyini qonşularına qarşı düşmənçilik yolu ilə müəyyənləşdirməkdən imtina etməli və Türkiyə ilə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətini davamlı hüquqi təminatlarla nümayiş etdirməlidir. Cənubi Qafqazın ehtiyac duyduğu şey ölkələri bir-birinə qarşı qoyan ssenarilər deyil, regiondakı dövlətlərin suverenliyinə, təhlükəsizliyinə və qarşılıqlı maraqlarına əsaslanan sülh şəraitidir”.
Gülnar Səlimova
Globalinfo.az
İstanbul