Son günlər Türkiyənin sosial media seqmentində Azərbaycana qarşı tənqidi və aqressiv paylaşımlar diqqət çəkir. Sıravi vətəndaşlardan tutmuş tanınmış şəxslərədək müxtəlif şəxslərin iştirak etdiyi bu proses fonunda ölkəmizin səfirliyi və konsulluğu qarşısında da aksiyalar keçirilir.
Globalinfo.az-a danışan siyasi şərhçi Anar İsayev deyib ki, Türkiyədə Azərbaycana qarşı müşahidə olunan informasiya hücumları və keçirilən aksiyalar yalnız ayrı-ayrı şəxslərin narazılığı kontekstində qiymətləndirilməməlidir:
“Bu proseslər Türkiyənin daxili ideoloji qütbləşməsi, dini-siyasi meyillərin ictimai həyata təsiri və regional geosiyasi maraqlar baxımından təhlil edilməlidir. Əsas məsələ bu fəaliyyətlərin hansı motivlərdən qaynaqlandığını və Azərbaycan-Türkiyə strateji müttəfiqliyinə hansı mümkün təsirləri göstərə biləcəyini müəyyənləşdirməkdir. İlk növbədə Azərbaycan əleyhinə kampaniyalar iki ölkə arasında ictimai etimadı zəiflətmək riski yaradır. Azərbaycan və Türkiyə münasibətləri yalnız tarixi-mədəni yaxınlığa deyil, həm də ortaq təhlükəsizlik maraqlarına, iqtisadi əməkdaşlığa və regional strateji baxışların uzlaşmasına əsaslanır. Azərbaycanın müstəqil xarici siyasəti, Türk dünyasında artan rolu, enerji və nəqliyyat layihələri, eləcə də regional proseslərdə fəal iştirakı bu tərəfdaşlığın əhəmiyyətini artırır. Belə şəraitdə sosial şəbəkələrdə Azərbaycan əleyhinə emosional kampaniyaların genişləndirilməsi ictimai rəydə yanlış təsəvvürlər formalaşdıra və iki xalq arasında etimadı zəiflədə bilər. Bunun arxasında məqsədli fəaliyyətin dayanması ehtimalı araşdırılmalıdır”.
Anar İsayev
Siyasi şərhçi bildirib ki, Türkiyədəki ideoloji qütbləşmə Azərbaycanın xarici siyasətinə münasibətə də təsir göstərən amillərdəndir:
“Türkiyə cəmiyyətində dünyəvi dövlətçilik ənənələri ilə dini-mühafizəkar siyasi baxışlar arasında uzun müddətdir davam edən mübahisələr mövcuddur. Bu qarşıdurma yalnız daxili siyasətlə məhdudlaşmır, xarici siyasət məsələlərinə və digər dövlətlərin seçimlərinə münasibətdə də özünü göstərə bilir. Azərbaycanın dünyəvi dövlət modeli, milli maraqlara əsaslanan müstəqil qərarları və müxtəlif regional aktorlarla münasibətləri müəyyən ideoloji qrupların gözləntiləri ilə üst-üstə düşməyə bilər. Türkiyədə müxtəlif ideoloji baxışlara malik, Azərbaycanla strateji münasibətləri dəstəkləyən geniş ictimai kəsim mövcuddur. Ancaq Azərbaycan əleyhinə kampaniyalarda dini amil siyasi təzyiq vasitəsi kimi istifadə olunursa, ölkəmizin dünyəvi dövlətçilik modeli hədəfə alınırsa və onun müstəqil qərarları dini meyarlarla mühakimə edilirsə, belə çıxışlar Türkiyədəki ideoloji mübarizənin mümkün təzahürü kimi qiymətləndirilməlidir. Rəsmi Bakının qarşısında duran əsas vəzifə Türkiyə ictimaiyyətində yaranan mənfi təsəvvürlərin səbəblərini müəyyənləşdirmək və onları faktlara əsaslanan kommunikasiya vasitəsilə aradan qaldırmaqdır. Bu məqsədlə Türkiyə mediası, ekspert dairələri, ictimai təşkilatları və siyasi çevrələri ilə dialoqun genişləndirilməsi vacibdir”.
A.İsayev qeyd edib ki, Türkiyə cəmiyyətinin bütövlükdə Azərbaycan əleyhinə mövqe tutması barədə təsəvvür yaratmaqdan çəkinmək də prinsipial əhəmiyyət daşıyır:
“Ayrı-ayrı qrupların davranışları iki xalqın münasibətlərinin ümumi göstəricisi kimi təqdim edilməməlidir. Azərbaycan öz suveren qərarvermə hüququnu və dünyəvi dövlətçilik modelini prinsipial şəkildə müdafiə etməli, eyni zamanda Türkiyə ilə münasibətlərdə ictimai etimadın qorunmasına xüsusi önəm verməlidir. Strateji müttəfiqliyin möhkəmliyi ideoloji fərqlərin qarşıdurmaya çevrilməsinə imkan verməməkdən, qarşılıqlı hörmətdən və iki dövlətin milli maraqlarının nəzərə alınmasından keçir”.
Ləman İmran
Globalinfo.az