Əliyevlə Paşinyan Vaşinqtonda görüşəcək? – Millerin cavabı

ABŞ Ermənistan və Azərbaycan nazirləri arasında növbəti görüşü səbirsizliklə gözləyir.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller iyulun 12-də keçirdiyi ənənəvi brifinqdə Turan Agentliyinin sualına cavabda deyib.

“Hazırda heç bir görüş nəzərdə tutulmayıb, lakin biz Ermənistan və Azərbaycan nazirləri arasında növbəti görüşü səbirsizliklə gözləyirik. Biz tərəflərin bir sıra məsələlərdə ciddi irəliləyiş əldə etdiklərini nəzərdə tuturuq. Hətta son görüş zamanı onlar (Azərbaycan və Ermənistan xarici işlər nazirləri-red) həll olunmamış məsələlərin sayının azalmasına nail olublar. Beləliklə, biz hesab edirik ki, həllini gözləyən məsələlərin sayı azalmaqla, razılaşma əldə oluna bilər, amma əlbəttə ki, hər iki tərəfin güzəştə getməyə hazır olmalarına ehtiyac var”, o deyib.

ABŞ dövlət katibi Antoni Blinken iyulun 11-i və 12-də Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrılıqda telefon söhbəti zamanı Birləşmiş Ştatların iki ölkə arasında davamlı sülhün əldə edilməsi səylərinə dəstəyini vurğulayıb.