Ələtdə tikiləcək yeni hava limanı haqda maraqlı detal – Deputat açıqladı

“Bakıda yeni hava limanının inşa edilməsi Ələt İqtisadi Zonasının daha səmərəli şəkildə istifadəsi ilə bağlıdır”.

Bu sözləri Globalinfo.az-a iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov paytaxt yaxınlığında tikiləcək yeni aeroport haqda danışarkən deyib.

Onun sözlərinə görə, dünyanın bir çox ölkəsində azad iqtisadi zonaların yaxınlığında hava limanları fəaliyyət göstərir:

“Bu həm həmin iqtisadi zonalara investisiya axının baş tutması, həm də daşınmaların rahat və optimal olması ilə bağlıdır.

Hava limanının illik yükaşırma gücü ilkin mərhələdə 500 000 ton, daha sonra isə 1,5 milyon tona qədər artacağı planlaşdırılır. Bununla da investorlar istehsal etdiyi malları xarici bazara çıxara biləcək. Eyni zamanda texnologiya və xam malın daha asan şəkildə iqtisadi zonaya gətirilməsi də mümkün olacaq.

Ələt İqtisadi Zonasının potensialının artırılması həm də yeni investorların bura olan marağını artıracaq. Ümumiyyətlə Ələt qeyri-neft sektorunun inkişafına töhfə verəcək.

Bu gün Ələt ilə bağlı ayrıca bir qanun var. Hansı ki, bu qanun investorların əraziyə cəlb edilməsi üçün xüsusi olaraq qəbul edilib. Bu həm də onlara ciddi bir mesajdır. Yəni bura qurulacaq investisiyalar dövlətin qarantı altında olacaq və onlara hər cür köməklik göstəriləcək.

Bu kontekstdən gözlənilir ki, hava limanının inkişaf etdirilməsi beynəlxalq standartlara uyğunluğunu təmin edəcək. Beləliklə, ölkədə qeyri-neft sektorunun inkişafı da təmin ediləcək”.

Turan Rzayev
Globalinfo.az