***06:00
Azərbaycan xalqı tarixi Qarabağ zəfərinin ildönümünü qeyd edir. 44 günlük İkinci Qarabağ müharibəsindəki hərbi uğurlar və 2023-cü il sentyabrın 19-20-də Qarabağda keçirilən lokal xarakterli antiterror əməliyyatları ölkəmizin ərazi bütövlüyünün tam təmin olunması ilə nəticələndi. Bu tarixi zəfərdə Ordumuzun bütün hərbi birlikləri, qoşun növləri, həmçinin Xüsusi Təyinatlı Qüvvələr (XTQ) müstəsna rol oynadı.
XTQ-nin fəaliyyəti barədə Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, bu terminə daha çox keçən əsrdən rast gəlinir.
Ətraflı video:
“Bunun yaranmasında məqsəd silahlı qüvvələrin müxtəlif qoşun növlərinin qarşısında duran ən çətin vəzifələri yerinə yetirən birlikləri təsnif etmək idi. Başqa cür desək, XTQ-lər digər güc strukturlarının yerinə yetirə bilməyəcəyi çətin vəzifələri yerinə yetirmələri ilə seçilir.
Müharibə şəraitində olan və ya qonşuları ilə müxtəlif ərazi, sərhəd problemləri ilə üzləşən ölkələr mütləq şəkildə XTQ-lər yaratmalı olur. Bu onlara mövcud müharibə təhdid şəraitində çətin vəzifələri yerinə yetirmək üçün imkan yaradır.
Hazırda dünyanın demək olar ki, əksər ölkələrində XTQ-lərin müxtəlif bölmələri mövcuddur. Bunların arasında daha çox Türkiyə, İsrail, ABŞ, Pakistan, Böyük Britaniya, Almaniya, Fransa, Kanada, Rusiya, Hindistan, İrlandiya, Polşa kimi ölkələrin XTQ-ləri seçilir. Bu ölkələr dünya reytinqinin ilk iyirmiliyinə daxildir. Bu ölkələrin bir çoxu əslində köklü, hərbi ənənələrə və təbii olaraq elit hərbi birliklərə malikdir”.
Ekspert qeyd edib ki, Azərbaycanın da dünya hərbi reytinqlərdə ön sıralarda yer almaq potensialı var:
“Xüsusilə Azərbaycan XTQ-sinin real döyüş təcrübəsi olduğunu nəzərə alsaq, Türkiyə, ABŞ, İsrail, Pakistan və Fransanı çıxmaq şərtilə qalanlarından geri qalmadığını demək olar. Hətta döyüş təcrübəsinə görə bizim XTQ daha üstündür.
Azərbaycan XTQ-si 21-ci əsrdə heç bir ordunun təlimlərdə belə sınaqdan keçirmədiyi vəzifələri 44 günlük müharibə zamanı icra etdi. Təkcə Şuşa əməliyyatı XTQ-mizin peşəkarlığının real göstəricisidir. Bu gün bir çox hərbi araşdırma şirkətləri, institutlar Azərbaycan Ordusunun keçirdiyi Şuşa əməliyyatını öyrənir, araşdırır”.
Turan Rzayev
Globalinfo.az