Dünya hazırlıq içində: Azərbaycan və Ermənistan silahlanır – Nə baş verir?

Böyük Britaniyaya yaxınlığı ilə tanınan “shephardmedia.com” saytı “Ermənistanla gərginlik artmaqdadır, Azərbaycan silah almaq üçün İsrail Müdafiə Nazirliyinə müraciət edir” adlı məqalə ilə çıxış edib. Məqalədə iddia edilir ki, Azərbaycan İsraildən ultra-müasir silahlar istəyib.

Azərbaycan və Ermənistan arasında döyüşlər zamanı rəsmi Bakı “İsrail Aerospace Industries” tərəfindən istehsal olunan “Lora” uzaqmənzilli yer-yer raketi və xüsusi dağıdıcı gücə malik olan “Harop” dronu kimi İsrail silah sistemləri alıb. Bu ilin əvvəlində Bakı İsraildən “BlueBird Aero Systems” şirkətinin istehsalı olan “SpyX” silah sistemini istəyib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Səxavət Məmməd deyib ki, son dönəmlər Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı Qərb mediasında maraqlı xəbərlər verilir, lakin rəsmi Bakı və İrəvan sülh danışıqlarından bəhs edirlər:

“Müharibə ritorikası zəifləyib, amma Qərb mediası açıq şəkildə Azərbaycan və Ermənistan arasında Zəngəzur dəhlizi uğrunda müharibənin olacağından danışır. Silahlanma məsələsi də çox qabardılır: Azərbaycanın İsraildən silah alması normal haldır. Ermənistan da silahlanır. Dünyada baş verən proseslərin kontekstində Üçüncü Dünya müharibəsinin başlayacağından bəhs edilir. Bütün ölkələr silahlanırsa, Azərbaycan bu yarışdan niyə geri qalmalıdır? Bu silahlanma yalnız Ermənistana görə deyil. Böyük müharibə olarsa, Azərbaycanla yanaşı bir çox ölkələr mövcudluğunu qorumaq üçün belə addım ata bilərlər.

Rəsmi Bakının yaxın zamanda Serbiya və Türkiyə ilə silah alış-verişi olub. Həmçinin İsrail silahları 44 günlük müharibədə çox yaxşı effekt verdi. “Harop”, “Lora” və s. kimi silahların döyüşlərin gedişində mühüm rolu oldu. Azərbaycan keyfiyyətə üstünlük verir. Ona görə də İsraildən yeni silahların alınması normal qarşılanmalıdır”.

Safura Bənnayeva
Globalinfo.az