1028337 res 0 3844132a105b0597

İranın yeni maliyyə vəsaiti ayırmasından sonra Livanın “Hizbullah” qruplaşması  İsraillə hərbi əməliyyatlara hazırlaşır.

Globalinfo.az xəbər verir ki, Reuters bu barədə Livanın təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, İsrail ordusunun Livanın cənubundakı təhlükəsizlik zonasında fəaliyyətini davam etdirməsinə və Beyrutda qruplaşmanın tərksilah olunması ilə bağlı siyasi təzyiqlərin artmasına baxmayaraq, “Hizbullah” İsraillə döyüşmək niyyətindən əl çəkməyib.

Qruplaşma iyun ayından bəri davam edən nisbi sakitlikdən silah ehtiyatlarını artırmaq üçün istifadə edir. Xüsusilə partlayıcı maddələrin alınmasına və İsrail mövqelərinə hücum edəcək pilotsuz uçuş aparatlarının istehsalına diqqət yetirilir.

Mənbələrin bildirdiyinə görə, İran “Hizbullah”ın hərbi potensialını bərpa etməsi üçün ona on milyonlarla dollar vəsait ayırıb. Bu məbləğ Tehranın daha əvvəl evlərini tərk etmiş ailələrə yardım məqsədilə qruplaşmaya verdiyi təxminən 200 milyon dollara əlavədir.

Bundan başqa, “Hizbullah” əvvəlki döyüşlər zamanı zərər görmüş komanda-idarəetmə strukturunu da bərpa etməyə çalışır.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: