5ad6138a 2ac5 433b ac7a d8d4a642dc6c 1200

“Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi ilə görüşü Azərbaycanın İslam dünyasında artan siyasi nüfuzunun, beynəlxalq təşəbbüslərinin və İslam həmrəyliyinin gücləndirilməsində oynadığı mühüm rolun növbəti təsdiqidir”.

Bu sözləri Globalinfo.az-a politoloq Züriyə Qarayeva deyib.

Politoloq bildirib ki, Azərbaycan İslam dünyası ilə münasibətlərini yalnız dini və mədəni bağlılıq üzərində deyil, həm də siyasi həmrəylik, qarşılıqlı etimad və ortaq maraqlar əsasında qurub:

“Təsadüfi deyil ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra üzv olduğu ilk beynəlxalq təşkilatlardan biridir və bu il həmin üzvlüyün 35 ili tamam olur. Baş katibin Ümummilli Lider Heydər Əliyevin təşkilatla əlaqələrin formalaşmasındakı xidmətlərini xüsusi vurğulaması da bu münasibətlərin möhkəm tarixi və siyasi təməllərə əsaslandığını göstərir. Eyni zamanda, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsinin tarixi hadisə kimi qiymətləndirilməsi, Prezident İlham Əliyevin Cənubi Qafqazda davamlı sülhün təmin olunması istiqamətində səylərinin dəstəklənməsi mühüm siyasi mesajdır. Çünki İƏT uzun illər Ermənistanın işğalçılıq siyasətinə qarşı Azərbaycanın haqlı mövqeyini müdafiə edib, müvafiq qətnamələr qəbul edib. Bu gün isə təşkilatın Azərbaycanın sülh gündəliyinə dəstək verməsi münasibətlərin yeni mərhələyə keçdiyini göstərir. Azərbaycan artıq yalnız öz milli maraqlarını beynəlxalq platformalarda müdafiə edən deyil, həm də regional sabitliyin və İslam dünyasında siyasi həmrəyliyin güclənməsinə töhfə verən aparıcı dövlətlərdən biridir.

zuriye qarayeva 900x600 1
Züriyə Qarayeva 

Politoloqun sözlərinə görə, Azərbaycanın İslam həmrəyliyi siyasətinin əsas üstünlüyü ondan ibarətdir ki, bu siyasət konkret təşəbbüslər və praktik fəaliyyətlə müşayiət olunur:

“2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi, IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi, 2013-cü ildə Azərbaycanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasında BMT–İƏT əməkdaşlığına dair yüksək səviyyəli iclasın təşkili bunun mühüm nümunələridir. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə dağıdılmış məscidlərin bərpası, Heydər Əliyev Fondunun xarici ölkələrdə İslam mədəni irsinin qorunmasına verdiyi töhfələr Azərbaycanın bu dəyərlərə münasibətinin əməli ifadəsidir. İslamofobiya ilə mübarizə istiqamətində beynəlxalq konfransların keçirilməsi, Şuşanın 2026-cı il üçün İƏT-in turizm paytaxtı seçilməsi və Azərbaycanın 2027-ci ildə İslam Zirvə Konfransına ev sahibliyi edəcək olması ölkəmizin təşkilat daxilində artan rolunu nümayiş etdirir.

Xüsusilə İslam dünyasına və Azərbaycana qarşı aparılan dezinformasiya kampaniyaları fonunda üzv dövlətlərin koordinasiyalı fəaliyyət göstərməsi getdikcə daha böyük əhəmiyyət qazanır. Azərbaycan bu istiqamətdə həm siyasi dialoqu, həm də mədəniyyətlərarası əməkdaşlığı təşviq edən mühüm platformaya çevrilib. Ən vacib məqamlardan biri də budur ki, Azərbaycan dünyəvi dövlətçilik modelini qorumaqla yanaşı, İslamın mənəvi və mədəni irsinə sadiqliyini nümayiş etdirir. Məhz bu yanaşma ölkəmizin İslam dünyası ilə Qərb arasında dialoqun inkişafında etibarlı tərəfdaş kimi çıxış etməsinə və beynəlxalq nüfuzunu daha da möhkəmləndirməsinə imkan yaradır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: