Səkkizqat “Qızıl top” mükafatının sahibi Lionel Messi 2026-cı ildə keçiriləcək mükafatlandırma mərasimində iştirak etməyəcək.

Globalinfo.az “Vietnam” nəşrinə istinadən xəbər verir ki, Argentina millisinin kapitanı diqqətini gənc futbolçuların inkişafı üçün təşkil etdiyi “Messi Kuboku” turnirinə yönəldib.

Lionel Messi oktyabrın 26-da öz adını daşıyan U-16 turnirinin açılış mərasimində iştirak edib. İkinci dəfə təşkil olunan yarış bu il daha geniş miqyas alıb. Ötən il turnirdə səkkiz komanda mübarizə aparırdısa, bu dəfə Avropa, Şimali və Cənubi Amerikadan 16 klub yarışa qatılıb.

İştirakçılar arasında “Barselona”, “Real Madrid”, “Atletiko”, “Çelsi”, “Mançester Siti” və “Arsenal” kimi tanınmış klublar var. Cənubi Amerikanı isə “River Pleyt”, “Boka Xuniors”, “Palmeyras” və “Flamenqo” təmsil edir. Turnirin ev sahibi Messinin çıxış etdiyi “İnter Mayami” klubudur.

Açılış mərasimində çıxış edən Messi gənc futbolçuların yarış vasitəsilə rəqabət aparmaq, öyrənmək və təcrübə toplamaq imkanı əldə etməsini arzuladığını bildirib.

Argentina mediasının məlumatına əsasən, futbolçu oktyabrın 26-dan noyabrın 2-dək davam edəcək turnirin oyunlarını izləməyi planlaşdırır. Onu yaxın dostları Luis Suares və Rodriqo De Paulun, eləcə də ailə üzvlərinin müşayiət edə biləcəyi bildirilir.

“İnter Mayami”dəki öhdəliklərinə baxmayaraq, Messinin turnirə mümkün qədər çox vaxt ayıracağı gözlənilir.

Əliyar Xəlil,

Globalinfo.az

Paylaş: