“Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə əlaqələri ölkənin xarici siyasətinin əsas istiqamətlərindən biridir və bu əlaqələr 1991-ci ildən bəri inkişaf edir. Azərbaycan 8 dekabr 1991-ci ildə Dakar şəhərində keçirilən İslam Konfransı Təşkilatının Zirvə toplantısında təşkilata tamhüquqlu üzv qəbul olunub. 1994-cü ildə Azərbaycanın İƏT yanında daimi nümayəndəliyi təsis olunub. İƏT müxtəlif illərdə qəbul etdiyi qətnamələrdə Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyib və Xocalı soyqırımını tanıyıb”.
Bu sözləri Globalinfo.az-a politoloq Bakir Həsənbəyli Prezident İlham Əliyevin oktyabrın 26-da İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmayıl Ould Şeyx Əhmədi qəbul etməsini şərh edərkən deyib.
Politoloq bildirib ki, 2020-ci ildə Vətən müharibəsi dövründə İƏT Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar yayıb:
“2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub və Bakı şəhəri IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edib. Azərbaycan ilə İƏT arasında iqtisadiyyat, ticarət, əmək münasibətləri və humanitar sahələrdə əməkdaşlıq davam edir. Prezident İlham Əliyev ilə İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmayıl Ould Şeyx Əhməd arasında keçirilən görüşdə əsasən media sahəsində əməkdaşlıq, dezinformasiyaya qarşı birgə mübarizə və Azərbaycanın sədrliyi dövründə həyata keçiriləcək layihələr müzakirə olunub. İƏT çərçivəsində media sahəsində əməkdaşlığın genişləndirilməsi və yalan məlumatlara qarşı üzv ölkələrin birgə səylərlə mübarizə aparmasının vacibliyi vurğulanıb.
Azərbaycanın təşkilata sədrliyi dövründə icrası planlaşdırılan müxtəlif layihələr ətrafında fikir mübadiləsi aparılıb. Təşkilatın beynəlxalq nüfuzunun artırılması və müsəlman ölkələri arasında həmrəyliyin daha da möhkəmləndirilməsi istiqamətində birgə səylərin artırılacağı ifadə olunub. Baş katib Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsini yüksək qiymətləndirib, regionda sülhün bərqərar olunmasında dövlət başçısının göstərdiyi səyləri İƏT-in dəstəklədiyini bildirib. Görüş zamanı həmçinin qarşıdan gələn Zəfər Günü münasibətilə təbriklər çatdırılıb və Ümummilli Lider Heydər Əliyevin Azərbaycanla İƏT arasındakı əlaqələrin qurulmasındakı tarixi xidmətləri xatırlanıb. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycana qarşı yönələn hər növ təxribat xarakterli hərəkətlərə qarşı birmənalı olaraq Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən kəskin, qətiyyətli mövqe nümayiş etdirir. Təşkilat həm Ermənistanın keçmiş işğalçılıq siyasəti dövründə, həm İkinci Qarabağ müharibəsi və antiterror tədbirləri zamanı, həm də postmünaqişə dövründə rəsmi Bakının addımlarını tam şəkildə müdafiə edib. İƏT ölkəmizə qarşı törədilən hərbi və siyasi təxribatları hər zaman rəsmi bəyanatlarla pisləyib, mülki şəxslərin hədəf alınmasını və hücumları beynəlxalq hüququn kobud pozulması adlandırıb”.

Bakir Həsənbəyli
Politoloq deyib ki, İƏT Baş Katibliyi və üzv dövlətlər bütün gərgin zamanlarda Azərbaycan dövləti və xalqı ilə birmənalı həmrəylik içində olduqlarını bəyan edirlər:
“Təşkilatın İnsan Hüquqları üzrə Müstəqil Daimi Komissiyası işğaldan azad edilmiş ərazilərdə törədilmiş dağıntıları, mədəni-dini irsin məhv edilməsini yerində araşdırmaq üçün mütəmadi olaraq ölkəmizə faktaraşdırıcı missiyalar göndərib və bu təxribatları sənədləşdirib. Azərbaycanın İƏT-dəki yüksək nüfuzu və təşkilatın Baş katibinin Azərbaycana reallaşan rəsmi səfərləri zamanı səsləndirilən bəyanatlar bir daha təsdiq edir ki, İslam dünyası regional sabitliyi pozmağa yönələn hər hansı qərəzli addımlara və təxribatlara qarşı Azərbaycanın yanındadır.
Azərbaycanda Nazirlər Kabinetinin orta məktəblərdə vahid məktəbli forması və dünyəvilik prinsipləri ilə bağlı qəbul etdiyi qərardan sonra yaranan müzakirələr beynəlxalq müstəvidə fərqli reaksiyalara səbəb olub. Bu mövzuda İslam Əməkdaşlıq Təşkilatının rəsmi olaraq Azərbaycana qarşı hər hansı bir qınaq, sanksiya və ya xüsusi bəyanat formasında mənfi cavabı mövcud deyil. Əksinə, təşkilat ilə ölkə arasında yüksək səviyyəli əlaqələr və tərəfdaşlıq platforması aktiv şəkildə davam edir. Bu məsələ ətrafındakı mövcud vəziyyət, təxribat iddiaları və İƏT-in yanaşması belə xarakterizə olunur.
Məktəbli forması qaydaları ətrafında xarici mediada və bəzi regional ölkələrdə müzakirələrin qızışdığı bir vaxtda Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibi İsmayıl Ould Şeyx Əhmədi Bakıda qəbul etdi. Və bu da onu göstərir ki, ölkədə ümumi bir “hicab qadağası” və ya buna görə kütləvi həbslər yoxdur. Qərar yalnız dövlət orta təhsil müəssisələrində dünyəvilik prinsipinə əsaslanan vahid geyim formasının tətbiqi ilə bağlıdır. İƏT daxili işlərə qarışmamaq və üzv dövlətlərin suverenliyinə hörmət prinsiplərinə əsaslanır. Təşkilat rəhbərliyi Azərbaycanın islam həmrəyliyinə verdiyi töhfələri yüksək qiymətləndirir və daxili təhsil, yaxud geyim normativlərini ölkənin öz suveren hüququ kimi qəbul edir. Nəticə etibarilə, bəzi xarici platformalarda və sosial şəbəkələrdə Azərbaycandakı dünyəvi geyim qaydalarının “İslama qarşı təxribat” və ya “hicab qadağası” kimi təqdim edilməsi cəhdlərinə rəsmi İƏT tərəfindən heç bir institusional dəstək verilməmiş, təşkilat Azərbaycan dövləti ilə strateji və dostluq əlaqələrini qoruyub saxlamışdır”.
Turan Rzayev
Globalinfo.az