Deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadənin ölümlə nəticələnən davaya görə həbs olunması ictimai müzakirələrə səbəb olub. Hadisədən sonra millət vəkilinin mandatından imtina etməli olduğu barədə fikirlər səsləndirilir.
Yaranmış vəziyyət Arzuxan Əlizadənin deputat mandatını itirməsinə səbəb ola bilərmi?
Globalinfo.az-a danışan hüquqşünas Xəyal Bəşirov deyib ki, bu məsələdə hadisə iştirakçılarından birinin deputat övladı olması müzakirələri daha da genişləndirib:
“Əvvəlcə digər şəxslərin həbs edildiyi halda, deputatın oğlunun da eyni aqibəti yaşaması diqqət çəkib. Əslində, bunun qanunvericiliklə bağlı səbəbləri var idi. Belə ki, Xətai Rayon Məhkəməsində işə baxılması mümkün deyildi. Çünki cinayətdə iştirak edən deputatın oğlunun qardaşı hakim işləyir. Cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, işə başqa məhkəmədə baxılması barədə Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edib. Nəticədə həmin şəxs də digərləri kimi həbs edilib. Hazırda cəmiyyətdə Arzuxan Əlizadənin oğlunun cinayətdə iştirak etməsinə görə deputat mandatının ləğvi və ya onun mandatından imtina etməsi məsələsi müzakirə olunur. Düşünürəm ki, bu, yanlış yanaşmadır və sovet dövründən qalan mənfi tendensiyanın təzahürüdür. Sovet dövründə kommunist partiyasına qarşı mübarizə aparan, ona bu və ya digər formada müxalif olan şəxslərin, eləcə də onların qohumlarının vəzifəyə təyin edilməsinə həssas yanaşılırdı. Bu yanaşma sonradan cinayət törətmiş şəxslərin və onların qohumlarının vəzifələrə təyin olunması məsələsinə də şamil edildi. Həmin ənənənin təsirləri bu gün də qalmaqdadır. Zaman-zaman müxtəlif qurumlarda vəzifəyə təyin olunan şəxslərin qohumları ilə bağlı məsələlər cəmiyyətdə polemikaya çevrilir”.
Xəyal Bəşirov
Hüquqşünas bildirib ki, Azərbaycanda hansısa millət vəkilinin qohumunun cinayət törətməsinə görə onun öz vəzifəsindən azad edilməsi və ya deputat mandatının ləğvi ilə bağlı praktikaya rast gəlinməyib:
“Cəmiyyətdə belə fikirlər səsləndirilir, amma bunun reallıqda tətbiq olunması nə müşahidə edilir, nə də belə bir yanaşma doğru olardı. Çünki hər kəs öz əməlinə görə məsuliyyət daşıyır. Şəxs yetkinlik yaşına çatmayıbsa, onun əməllərinə görə valideyninin məsuliyyəti məsələsi gündəmə gələ bilər. Lakin söhbət yetkinlik yaşına çatmış şəxsdən gedirsə, onun müstəqil fəaliyyətinə görə valideyninin və ya yaxın qohumunun məsuliyyət daşıması normal yanaşma deyil. Bundan əvvəl icra başçısının korrupsiya və qanunsuz fəaliyyətlə bağlı həbs edilməsindən sonra onun hakim işləyən qızı ilə bağlı məsələ də bu kontekstdə müzakirə olundu. Lakin sonradan gördük ki, bununla bağlı hər hansı proses baş vermədi. Belə hallara dəfələrlə rast gəlinir. Ağır cinayətlər törətmiş vəzifəli şəxslərin qohumları da digər vəzifələrdə fəaliyyətlərini davam etdirirlər. Azərbaycan qanunvericiliyi də şəxsin qohumunun cinayət törətməsinə görə onun vəzifədən kənarlaşdırılmasını tələb etmir. Hər kəs həm müsbət, həm də mənfi əməllərinə görə özü məsuliyyət daşımalı, müvafiq olaraq, öz fəaliyyətinə görə qiymətləndirilməlidir”.
X.Bəşirov qeyd edib ki, deputat mandatının ləğvi əsasları qanunvericilikdə, o cümlədən Konstitusiyada müəyyən edilib:
“Deputatın seçilməsi zamanı səslərin hesablanmasında qanunsuzluğa yol verilməsi, vətəndaşlığın dəyişdirilməsi, deputat statusu ilə bir araya sığmayan fəaliyyətlə məşğul olmaq, dövlət qurumlarında başqa vəzifəyə təyin edilmək, eləcə də qanunvericilikdə nəzərdə tutulan digər hallar mandatın itirilməsinə səbəb ola bilər. Deputatın dini və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olması, Milli Məclisdə səsvermə zamanı öz səsvermə hüququnu şəxsən həyata keçirməməsi və etik davranış qaydalarını kobud şəkildə pozması da qanunvericiliklə müəyyən edilmiş hallarda mandatın ləğvinə əsas yaradır. Bundan başqa, deputat öz ərizəsi ilə mandatından imtina edə və ya ağır və xüsusilə ağır cinayət törətdiyi halda qanunvericiliyə uyğun olaraq mandatını itirə bilər. Lakin qanunvericilikdə deputatın övladının və ya hər hansı qohumunun cinayət törətməsinə görə onun mandatının ləğv edilməsi nəzərdə tutulmayıb. Arzuxan Əlizadə istəsə, öz qərarı ilə mandatından könüllü şəkildə imtina edə bilər. Bu halda mandatın ləğvi onun şəxsi qərarına əsaslanar. Ancaq deputatın övladının cinayətdə iştirakına görə mandatının mütləq ləğv edilməli olduğunu iddia etmək düzgün yanaşma deyil və hüquqi baxımdan da əsaslı görünmür”.
Ləman İmran
Globalinfo.az