Putinin Ukraynaya “bayram hədiyyəsi” – Müharibə başa çatır?


Rusiya Ukraynanın Xarkov və Lvov vilayətlərinə raket zərbələri endirib. Ballistik və qanadlı raketlərlə hücumlar Polşa ilə sərhəddə də müşahidə olunub.

Maraqlıdır, Rusiyanın Ukraynaya bu hücumlarına qarşı tərəfin cavabı necə olacaq? Rus ordusunun növbəti dağıdıcı hücuma keçməsi Putinin savaşı yekunlaşdırmaq istəyi ilə bağlıdır?

Mövzu barədə Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, indiyədək bir neçə dəfə Ukrayna ərazisinə kütləvi raket hücumları olub:

“Bu da onlardan biridir. Adətən belə hadisələr bayram ərəfəsində baş verir. Maraqlıdır ki, Ukrayna Pilotsuz Uçuş Aparatları ilə (PUA) Rusiya ərazisinə hücum edib.

Kütləvi raket hücumlarının əsas məqsədi Ukrayna xalqının əzmini qırmaq, camaatı hakimiyyətə qarşı qaldırmaqdır. Rəsmi Kiyevin bu məsələyə ciddi cavab verəcəyini düşünmürəm. Amma Rusiya ərazisinə, həmçinin ilhaq olunmuş Krım yarımadasına hücumlar intensivləşə bilər.

Kənan Novruzov

Xəbərdarlıqlara baxmayaraq, Rusiyanın nüvə silahından istifadə edəcəyini düşünmürəm. Amma hər ötən gün nüvə müharibəsi ehtimalını daha da artır. Ukraynaya nüvə silahının verilməsi inandırıcı deyil. Qərb buna getməz, çünki nüvə savaşı Qərbin özü üçün də təhlükəlidir. Odur ki, ABŞ və Avropa İttifaqı (Aİ) bu ssenarinin qarşısını mümkün qədər almağa çalışacaq”.

Turan Rzayev
Globalinfo.az