Dövlət Məşğulluq Agentliyinin hesabatı Azərbaycanda universitet məzunlarının məşğulluq vəziyyəti ilə bağlı diqqətçəkən rəqəmləri ortaya qoyub. Məlumata görə, dövlət və özəl ali məktəbləri bitirənlərin böyük hissəsi ən yaxşı halda bank sektorunda iş tapır. Ümumilikdə isə son iki ildə məzunların cəmi 40-45 faizi işlə təmin oluna bilib.
Buna səbəb nədir? Çıxış yolu üçün nə kimi təkliflər var?
Globalinfo.az-a danışan Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli deyib ki, Azərbaycanda gənclərin işlə təmin olunmaması məsələsində bir neçə mühüm faktor rol oynayır:
“İlk növbədə, universitet məzunlarının əksəriyyəti ali təhsili başa vurarkən ixtisaslarına tam və mükəmməl şəkildə yiyələnə bilmirlər. Bu isə birbaşa universitetlərdə təhsilin keyfiyyəti ilə bağlıdır. Azərbaycanın ali təhsil müəssisələrinin böyük hissəsi beynəlxalq reytinqlərdə yüksək mövqelərdə qərarlaşmır və yalnız bir neçə universitet dünya reytinqlərində ilk 500-lükdə yer ala bilir. İkinci mühüm məsələ əmək bazarı ilə bağlıdır. Dövlət Məşğulluq Agentliyi də yaxşı bilir ki, universiteti yeni bitirmiş gənc mütəxəssislərə çox vaxt onların imkan və gözləntilərinə uyğun əməkhaqqı təklif olunmur. Aşağı əməkhaqqı və məhdud imkanlar nəticəsində bir çox gənclər əmək miqrasiyasına üz tutur və xarici ölkələrdə iş axtarmağa üstünlük verir.
Digər tərəfdən, qeyri-neft sektorunun kifayət qədər inkişaf etməməsi də ciddi problemdir. Kiçik və orta sahibkarlığın zəif inkişafı gənclərin öz bizneslərini qurmaq imkanlarını məhdudlaşdırır. Bank və kredit resurslarına çıxışın çətin olması isə bu prosesi daha da mürəkkəbləşdirir. Nəticədə gənclər əsasən iri şirkətlərdə aşağı maaşlı işlərlə kifayətlənməli olur, bir çox hallarda yalnız ticarət və xidmət sektorunda, məsələn marketlərdə iş tapırlar”.
İlqar Hüseynli
İB sədri bildirib ki, iş imkanlarının böyük hissəsinin paytaxtda cəmləşməsi də əlavə çətinlik yaradır:
“Bakıda iş imkanları daha çox olsa da, əmək bazarı artıq xeyli dərəcədə dolub. Bundan əlavə, işə qəbul prosesində qohumluq və tanışlıq münasibətlərinin rol oynaması da gənclərin iş tapmasını çətinləşdirən amillərdən biridir. O cümlədən, hazırda neft sektorunda ixtisarların başlaması vəziyyəti daha da mürəkkəbləşdirir. Xüsusilə SOCAR və digər enerji şirkətlərində aparılan ixtisarlar nəticəsində minlərlə işçi iş yerini itirir. Bu sahədə əsasən ixtisaslaşmış təhsil alan, əsasən də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti məzunlarının iş tapmaq imkanları daha yüksək olur. Pedaqoji sahədə də oxşar vəziyyət mövcuddur. Müəllim olmaq istəyən gənclər mütləq imtahanlardan keçməlidirlər və bu proses kifayət qədər uzun çəkir. Əvvəlki illərdə olduğu kimi təyinat sistemi olmadığı üçün pedaqoji təhsil alan bir çox gənclər ya başqa sahələrdə işləməyə məcbur qalır, ya da ümumiyyətlə iş tapa bilmir. Tibb sahəsində isə vəziyyət fərqlidir. Azərbaycan Tibb Universitetini bitirənlərin böyük əksəriyyəti fəaliyyət göstərmək üçün rezidentura mərhələsini keçməlidirlər. Bu mərhələdən sonra isə bir çox həkim daha yüksək maaş və daha yaxşı həyat şəraiti üçün Almaniya, ABŞ kimi xarici ölkələrə üz tutur və orada çalışmağa üstünlük verir. Ümumilikdə mövcud vəziyyət göstərir ki, ali təhsil alan gənclərin hamısı əmək bazarında öz ixtisaslarına uyğun iş tapa bilmir. Rəsmi statistik göstəricilər daha yüksək rəqəmlər göstərsə də, real vəziyyətdə işlə təmin olunan ali təhsilli gənclərin payı təxminən 30 faiz civarındadır”.
Ekspert qeyd edib ki, problemin həlli üçün bir neçə istiqamətdə addımların atılması vacibdir:
“Belə ki, vakansiyalar daha açıq və şəffaf şəkildə elan edilməli, gənclərə yaşayış xərclərini qarşılayan əməkhaqqı təklif olunmalıdır. Əks halda, bir çox gənclər alternativ qazanc yollarına, o cümlədən taksi xidmətinə yönəlirlər. Hazırda ölkədə taksi fəaliyyəti ilə məşğul olanların böyük hissəsi ali təhsilli gənclərdir. Digər mühüm məsələ gənclərin sosial təminatı, xüsusilə mənzil məsələsidir. Azərbaycan yaxın dövrdə “World Urban Forum 13” (WUF13) kimi böyük beynəlxalq tədbirə ev sahibliyi etməyə hazırlaşır. Buna baxmayaraq, ölkədə gənclərin mənzil təminatı sahəsində ciddi problemlər qalmaqdadır. Mənzil qiymətlərinin yüksək olması və ipoteka kreditlərinin ağır şərtləri gənclərin ev sahibi olmasını çətinləşdirir. Bu baxımdan gənc mütəxəssislər üçün daha əlçatan ipoteka proqramlarının yaradılması, ilkin ödənişlərin yüngülləşdirilməsi və sosial mənzil layihələrinin genişləndirilməsi vacib hesab olunur. Belə addımlar atılarsa, gənclərin ölkədə qalması və əmək bazarında fəal iştirak etməsi üçün daha əlverişli şərait yaradıla bilər”.
Ləman İmran
Globalinfo.az