Detallar açıldı: Laçın-Şuşa yolunda əslində nə baş verir? – İsti şərh

“Ermənistan 30 ildir torpaqlarımızın istismarı ilə məşğuldur. Bu 30 il ərzində faydalı qazıntılarımız istismar edilib, ərazilərimizdə qeyri-qanuni fəaliyyətlər aparılıb. 44 günlük müharibədən sonra da bu proses Rusiya sülhməramlılarının icazəsi əsasında həyata keçirilib. Rəsmi Bakının buna dözmək niyyəti yoxdur. Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyaları da bunun əyani göstəricisidir”.

Bu sözləri Globalinfo.az-a politoloq Qabil Hüseynli hazırda azərbaycanlıların Laçın-Şuşa yolunda etiraz aksiyası keçirməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, etiraz aksiyaları dinc və mülki xarakterlidir:

“Bu, Bakının yumşaq güc siyasətinin növbəti göstəricisidir. Rusiya sülhməramlılarının fəaliyyəti 10 noyabr bəyanatında açıq şəkildə göstərilib. Bəyanatda göstərilənin xaricində edilən istənilən şey qanunsuzdur.

Rus sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə aparılan qeyri-qanuni iqtisadi fəaliyyət onların sülhməramlı mandatını şübhə altına alır. Bu hal qəbuledilməzdir.

Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyalarının bir nəticəsi olmasa, Azərbaycan daha ciddi addımlar atmalı olacaq”.

Turan Rzayev
Globalinfo.az