Sosial şəbəkələrədə məktəbli qızların yayılan videosu ciddi müzakirələr yaradıb. Bir gəncin əlində balta, digərində yumurta… Hər ikisində də motiv zorakılıqdır. Bu cür videoların ortaya çıxmasında isə daha çox sosial şəbəkələr günahkar bilinir.
Lakin deyilənə görə, döyülən qız döyən haqda uyğunsuz görüntülər, məlumatlar yayıb. Qarşı tərəf onu cəzalandırıb.
Bəs valideynlərin, məktəbin, çevrənin bu cür məsələdə günahı, məsuliyyəti nə dərəcədədir?
Mövzunu Globalinfo.az-a şərh edən deputat Ceyhun Məmmədov həmin görüntülərin kütləvi şəkildə yayılmasının yanlış addım olduğunu bildirib.
O deyib ki, belə hörmətsizliyi sərgiləyən gənclə bağlı ciddi addımlar atılmalı və bu addımlarla bağlı cəmiyyətə məlumat verilməlidir:
“Əslində, Prezident İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində təlim-tərbiyə məsələsinə, bu məsələdə ailənin və məktəbin rolundan geniş bəhs etmişdi. Son baş verən hadisə bu məsələnin aktuallığını bir daha göstərdi. İstənilən qanun pozuntusu qanunvericiliyimizə uyğun tənzimlənir. Ona görə də, bu kimi addımlar kiminsə istəyi, arzusu ilə həyata keçmir və ya keçməməlidir. Belə məsələlərdə mütləq qanun öz sözünü deməlidir. Burada şagirdin etdiyi hərəkət mütləq araşdırılmalıdır. Ondan sonra müvafiq adımlar ata, qərarlarımızı qəbul edə bilərik. Ümumiyyətlə, məsələyə daha dərin yanaşdıqda, ehtiyac olarsa qanunverciliyə də dəyişiklik etməliyik”.
C.Məmmədov belə hallarda valideynlərin də cəzalandırılmasının şərt olduğunu qeyd edib:
“Əgər övlad belə addım atırsa, buna görə valideyn də məsuliyyət daşıyır və üzərinə düşən işi layiqincə yerinə yetirməlidir.
Təəssüf ki, valideyn bunu etmədikdə belə nəticələrin şahidi oluruq. Prosesin təhlili onu göstərir ki, belə hallar getdikcə daha da artır. Ciddi addımlar atmadığımız təqdirdə bu kimi problemlər daha da artacaq. Ona görə də ciddi addımların atılmasına ehtiyac var. Hər bir valideyn övladının tərbiyəsinə görə məsuliyyət daşımalıdırlar. Övladına normal tərbiyə verməyən valideyn isə mütləq cəzalandırılmalıdır”.
Zaira Akifqızı
Globalinfo.az