Deputat və sosioloq meyxanaçının həmin fotosundan danışdı – “Balaəli o adamları qazanıb”

Sosial şəbəkədə paylaşılan bir foto günlərdir müzakirə edilir. Foto Azərbaycanın rayonlarından birində meyxana məclisində çəkilib. Tanınan meyxanaçı Balaəli toyxanada meyxana deyir, ətrafda yüzlərlə insan onu dinləyir.

Foto paylaşıldıqdan sonra bu mənzərə ciddi müzakirə edildi. Deyənlər oldu ki, bu, ölkəni yaxşı istiqamətə aparmır. Bu qrup adamlar iddia edirlər ki, insanların meyxanaya bu qədər aludə olmaları pis perspektiv vəd edir, cəmiyyəti yanlış istiqamətə yönəldir və s.

Mövzunu haqda Globalinfo.az-a danışan Xalq şairi, deputat Sabir Rüstəmxanlı deyib ki, zamanında onun da görüşlərnə çoxlu sayda tamaşaçı gəlib.

O bildirib ki, meyxanaçının da ziyalısı ola bilər:

“Mənim bütün görüşlərimdə gələnlərin yarısı çöldə qalıb, teatr salonuna sığmayıb. Yəni bizim də görüşümüzə 1500-2000 adam gələr.

1988-ci ildə mənim idarə etdiyim meydana bir milyon adam yığılırdı. Bir var müvəqqəti, keçici maraqlar, bir də var böyük yol və maraq. Hərənin öz sevənləri, öz auditoriyası var. Balaəli o adamları qazanıb. Ən çətin iş qazandığını qoruyub saxlamaqdır”.

Sosioloq Əhməd Qəşəmoğlu isə Globalinfo-ya deyib ki, meyxanaçını çox, yazıçıları az sevənləri günahlandırmaq doğru deyil:

“Nədənsə, biz hər zaman çalışırıq ki, günahı əhalinin üzərinə ataq. Əgər əhali arasında belə bir vəziyyət yaranıbsa, bunun səbəbini araşdırmaq lazımdır. Ölkənin bir çox aparıcı televiziya kanalları zamanında meyxananı xeyli təbliğ etdi. Elə onların da vasitəsilə Azərbaycanda əməlli-başlı meyxana kultu yaradıldı. Efirlərdə gecə-gündüz meyxana yarışması gedirdi. İndi də təəccüb edirik ki, meyxananı niyə çox adam sevir?!

Yazıçılara, intellektual təbəqəyə qarşı münasibət zəifdirsə, bu da indiyə qədər baş verən proseslərin nəticəsidir. Hətta mənfur dediyimiz, pislədiyimiz sovet dönəmində məktəblərdə tez-tez yazıçılarla görüşlər keçirilərdi. Bu gün orta məktəbdə elə görüşlər keçirmək mümkün deyil. Onun üçün gərək nazirlik icazə versin, sonra görüş baş tutsun. Axı yazıçılarla, alimlərlə görüşlər təşkil etmək olar. Sadəcə biz bunu edə bilmirik”.

Sosioloq bildirib ki,  sosial şəbəkələrdə də çoxluq intellektual təbəqəni deyil, meyxananı dəstəkləyir:

“Vəziyyətin bu həddə gəlib çatmasında xalqı günahlandıraraq “bu xalq düzəlməz” demək, çox böyük yanlışdır. Elmi təhlillər olmalıdır. Elmi təhlilə isə əhəmiyyət verən yoxdur. Harda bir məmur varsa, özünü elmi işçidən qat-qat ağıllı hesab edir. Elə bilir ki, vəzifəsi varsa, demək, elmi işçidən ağıllıdır”.

Ə.Qəşəmoğlu meyxananın üzərindən xətt çəkilməsinin tərəfdarı olmadığını deyib:

“Meyxana da əhalinin bir qisminin maraq dairəsində olan yaradıcılıq növüdür. Sadəcə, onu belə şişirtmək lazım deyildi. Meyxananın müəyyən çərçivədə formalaşması üçün imkan yaratmaq lazım idi. Belə geniş kult şəklində təbliğ etmək səhv idi.

Amma sözsüz ki, meyxananın bu dərəcədə geniş yayılması mədəniyyətimiz üçün xoşagələn hal deyil. Baxırsan ki, məhlədə 5 yaşlı uşaq özü üçün meyxana deyə-deyə gedir. Artıq həmin an onun daxili aləminin meyxana ahənginə kökləndiyinin şahidi olursan. Ona görə də, kimlərisə danlamaqdansa, tənqid etməkdənsə, elmi fəaliyyəti gücləndirmək daha məsləhətli və önəmlidir”.

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq-jurnalist Elçin Bayramlı bildirib ki, meyxana bizim folklor janrlarımızdan biridir:

“Qədimdən gələn folklor, poeziya janrına hər zaman maraq olub və bu, xüsusi istedad yarışmasıdır. Meyxanada qabardılan sözləri normal qaydada da demək olar. Yaxşı ki, gənclər meyxanaçı ətrafına toplaşırlar, cinayət törətmirlər. Çünki cəmiyyət və dövlət olaraq gəncləri yiyəsiz buraxmışıq. Biz onları işlə təmin etmirik, yaradıcılıq mərkəzlərinə, idman kurslarına getməyə imkanları yoxdur.

Sovet dövründə yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün dövlət çox sayda imkanlar yaratmışdı. Şəxsən, mən özüm 6-7 yerə ödənişsiz gedirdim. İndi isə valideynlərin 90 faizdən çoxunun belə bir imkanı yoxdur. Bu gənc də vaxtını necəsə keçirməlidir”.

Sosioloq bildirib ki, meyxananı normal vəziyyətə yönəltmək olar:

“Meyxanaçılar bu vəziyyətdən istifadə edib tərbiyəli meyxana deyə, milli dəyərlərimizi təbliğ edə bilərlər. Gözəl təbliğat aparmaq üçün meyxana yaxşı tribunadır. Sadəcə, problem onu yönəldənlərdədir. Əgər biz televiziyalara normal insanları çıxarsaq, meyxanaçılar arasından daha ağıllı olanlara üstünlük versək, onların da öz kütlələrinə təsiri müsbət olar”.

E.Bayramlı deyib ki, gənclər əyləncə, istirahət, yaradıcılıq axtarışındadır:

“Dünyanın heç bir yerində alim və yazıçıların görüşünə milyonlarla insan toplaşmır. Nə təşkil olunursa, onlar da məcbur ora gedirlər. Baxaq görək cəmiyyət və dövlət olaraq biz onlara nə təklif edirik? Televiziyalar gənclərin qarşısına nə qoyur? Nə vaxt gördünüz ki, hansısa bir alim efirə dəvət alsın? Halbuki bizim minlərlə alimimiz var. Hansı birini tanıyırsınız?

Əgər media alimi tanıtmırsa, pozğun ünsürləri, müğənniləri, əxlaqsızlığı təbliğ edənləri efirə çıxardırsa, elə gənclər meyxanaya qulaq assalar daha yaxşıdır. Meyxanada əxlaqsızlıq, mənəvi dəyərlərə zidd olan şeylər təbliğ olunmur. Təbii ki, neqativ hallar var. Lakin cəmiyyət olaraq onun da qarşısını ala bilərik”.

Müsahibimiz deyib ki, dövlət gənclər üçün mütləq şərait yaratmalıdır:

“Dövlət idman kursları, yaradıcılıq mərkəzləri, ixtiraçılar klubları, yarışlar təşkil etməlidir. Televiziyalarda intellektual yarışlar var? Xeyr! Bunlar təşkil edilsin, sonra baxaq görək gənclər nəyə meyl edir. Ola bilər ki, gənclər eyni zamanda meyxana da dinləyər, yaradıcılıq, elm, bizneslə də məşğul olar.

Adam dil öyrənmək istəyir. Harda və necə öyrənsin? Xarici dil kurslarının aylıq ödənişi minimum 100 manatdır. Texnologiya kursları ayı 200-500 manat arasıdır. Axı bu gənc necə, hansı pulla öyrənsin?! Gənclərə nə vermisiniz ki, nə də tələb edəsiniz?! Cəmiyyət və dövlət olaraq nə əkiriksə, onu da biçirik. Hələ yaxşı ki, gördüyümüz o boyda kütlə gedib cinayətlə məşğul olmur. Belə getsə, tamamilə biabırçılıq olacaq!”

Zaira Akifqızı

Globalinfo.az