Ərdoğanın “5 uşaq” təklifinin gerçək səbəbi – Ekspert açıqladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda çıxışı zamanı Azərbaycanda hər ailədə 5 uşağın dünyaya gəlməsini təklif etməsi ictimaiyyətdə müəyyən sual və müzakirələrə səbəb olub. Maraqlıdır, əhalinin sayının artması bir ölkə üçün hansı perspektivlər vəd edir?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu illərdir bu barədə danışdığını, lakin dövlət qurumlarının əhəmiyyət vermədiyini deyib:

Sosioloqun sözlərinə görə, Azərbaycan ailələrində ən azı 3 uşaq olmalıdır:

“Uşaqların qayğısını isə dövlət çəkməli, hətta qanunvericiliyə uyğun xüsusi paketlər də olmalıdır. Bizim üçün 3 uşaq hökmən vacibdir. Çünki hər ailədə 1 uşaq olanda o, evdə uşaq mühitini görmür. Düzdür, bağçaya gedə bilər, amma yenə də nəticədə uşaq psixologiyasının formalaşması üçün vacib olan mühitdə böyümür”.

Ə.Qəşəmoğlu deyib ki, hər ailədə 1 və ya 2 uşaq olanda ölkədə əhali də azalmağa başlayır:

“Çünki elə ailələr var ki, orada heç övlad yoxdur. Əhali sayının azalmasının isə qorxulu tərəfləri var. Bu, miqrantların çoxalmasına, etnik tərkibin dəyişməsinə gətirib çıxara bilər. Amma 3 uşaq olan zaman həm evdə uşaq mühiti olur, həm də ölkədə artım baş verir. Dediyim kimi, 30 il ərzində bir sosioloq olaraq dəfələrlə məsələni qaldırsam da, nəticə yoxdur. Bu sahədə böyük bir boşluq var. Evimizdəki uşaqlar təkcə valideynlərin deyil, həm də dövlətin övladıdır. Sabah həmin uşaq gedib orduda vuruşacaq, Vətəni qoruyacaq. Ona görə də dövlət uşaqpulu verib, onlara diqqət yetirməlidir”.

Əhməd Qəşəmoğlu

Sosioloqun sözlərinə görə, R.T.Ərdoğanın 5 uşaq təklifi strateji məsələdir:

“Ərdoğan demək istəyir ki, əhalinin sayı çox olduqca ölkənin müdafiə qüdrəti artır, istedadlı şəxslər üzə çıxır. Bu məsələni başlı-başına buraxmaq olmaz. Bunun üçün ölkədə xüsusi hazırlıq görülməlidir. Bu istiqamətdə böyük işlər aparılmalıdır. Sosial müdafiə sahəsində, təlim tərbiyədə, təhsil sistemində fəaliyyət proqramları hazırlanmalı və ciddi dəyişikliklər olmalıdır. Mən bir mütəxəssis olaraq bu məsələdə yardım edə bilərəm”.

Zaira Akifqızı
Globalinfo.az