Bu dərsi xanım müəllimlər keçir, yanlışdır! – Deputat

Təhsil müəssisələrində kişi müəllimlərin sayının az olması vaxtaşırı müzakirə edilən mövzulardandır. Həm ekspertlər, həm əksər valideynlər bundan narahatlıq keçirirlər. İctimaiyyət şagirdlərin qeyri-adekvat davranışlarının səbəbini məktəblərdə kişi müəllimlərin az və ya heç olmaması ilə əlaqələndirir.

Mövzunu Globalinfo.az-a şərh edən deputat Ceyhun Məmmədov deyib ki, məktəblərdə oğlan uşaqlarının qeyri etik davranışları müəllim və direktor nüfuzu ilə bağlı məsələdir.

Onun sözlərinə görə, təhsil olcaqlarındaki təyinatlar bəzən uğursuz alınır:

“Bir ara müəllimlər haqqında müxtəlif videoların paylaşılması, müəllimin nüfuzunun aşağı salınmasına yönəlmiş açıqlamalar, məktəblərdə daha çox qadın müəllimlərin üstünlük təşkil etməsi, direktorların kadr təyinatında bəzən uğurlu seçimlərin olmaması, eyni zamanda valideynlərin öz övladlarına kifayət qədər vaxt ayırmaması, oğlan uşaqlarının ərkəsöyün böyüdülməsi, çətinlik görməmələri bütün bunlar prosesə təsir göstərir və getdikcə bu, özünü təhsildə göstərmiş olur. Ona görə də, gələcəkdə belə hallarla qarşılaşmamaq üçün həm məktəb, həm də universitetlərdə sərt nizam-intizamın, qaydanın olması çox önəmlidir. Əks halda məsələ daha da böyüyəcək və özünü açıq şəkildə biruzə vermiş olacaq. İndidən bu məsələlər ciddi şəkildə təhlil edilməli, belə halların olmaması üçün isə addımlar atılmalıdır. Məktəblərdə təhsil mühiti, ab-havası xeyli zəifləyir. Əslində, bu, narahatlıq doğuran məsələdir”.

Ceyhun Məmmədov

Deputat bədən tərbiyəsi müəllimləri ilə bağlı danışıb:

“Bədən tərbiyəsi fənnini əksər hallarda xanım müəllimlərimiz tədris edir. Bu hal təəssüf doğurur… Getdikcə kişi müəllimlərin sayı azalır, bəylərimiz müəllim olmaq istəmirlər”.

C.Məmmədov kişi müəllimlərin azalmasının səbəbini açıqlayıb:

“Əsas səbəblərdən biri məvaciblərin az olmasıdır. Düzdür, maaşlar artırılır, amma hələ də kifayət qədər deyil. Onlar da çalışırlar ki, yüksək maaşlı iş tapsınlar. Fikrimcə, məktəb və digər dövlət müəssisələrində marağı artırmaq üçün müəyyən stimulverici addımlar atılmalı, güzəştlər edilməlidir. Məsələn, məktəbdə çalışan birinə çox aşağı faizlə ev, torpaq əldə etmək imkanı yaradılmalıdır. Bir sözlə, məktəb hansısa formada cazibədar olmalıdır. Düzdür, əvvəlki vaxtla müqayisədə maaşlar artırılıb, amma əksəriyyətin aldığı pul 500-600-700 manat civarındadır. Bəylərimiz isə maaşı yüksək olan işlərə meyl göstərirlər. Axtaran zaman da istədikləri işi tapa bilirlər”.

Zaira Akifqızı
Globalinfo.az