Xəbər verdiyimiz kimi, Skandinaviya ölkələri rəqəmsal təhsildən imtina edir. Əsasən İsveç və Norveçdə kiçik yaşlı uşaqların təhsilində artıq ənənəvi üsullara üstünlük verilir. Mütəxəssislər hesab edirlər ki, kiçik yaşlı uşaqların ekran qarşısında keçirdiyi vaxtın azaldılması onların diqqət, oxu, yazı və hesablama bacarıqlarının inkişafı baxımından əhəmiyyətlidir. Kulturoloq, bəstəkar Elmir Mirzəyev də bu yanaşmanı doğru hesab edir və qələmlə yazının xırda motorikanın inkişafında mühüm rol oynadığını bildirir.
Bəs dəftər-qələm uşaqların inkişafına həqiqətən nə dərəcədə təsir edir?
Globalinfo.az-a danışan uşaq və yeniyetmə psixologiyası üzrə mütəxəssis Nərmin Ağayeva deyib ki, dəftər-qələmlə yazının uşağın inkişafında əhəmiyyəti kifayət qədər əsaslandırılmış fikirdir:
“Yazı zamanı uşaq eyni anda barmaq, əl əzələlərini idarə edir, göz-əl koordinasiyasını qurur, hərəkəti planlaşdırır, diqqətini müəyyən nöqtədə saxlayır və gördüyü hərfi müəyyən motor hərəkətlə əlaqələndirir. Tədqiqatlarda əl yazısı ilə vizual-motor inteqrasiya arasında orta səviyyəli əlaqə də müəyyən edilib. Xüsusilə kiçik yaşlarda bu çox vacibdir. Uşaq hərfi klaviaturada seçəndə əsasən “düyməni tapmaq” əməliyyatı həyata keçirir. Amma qələmlə yazanda hərfin formasını özü yaradır. Bu proses beynin həm görmə, həm hərəkət, həm də dil və yaddaş sistemlərinin birlikdə işləməsini tələb edir. Əl yazısının erkən yazı bacarıqlarında klaviaturadan üstün ola bildiyini göstərən tədqiqat icmalları da var”.
Nərmin Ağayeva
Psixoloq bildirib ki, ən doğru yanaşma “rəqəmsal və ya ənənəvi təhsil” dilemması yaratmaq yox, yaşa uyğun balans qurmaqdır:
“Xüsusilə məktəbəqədər və ibtidai təhsilin ilk illərində uşağın əl yazısı, kitab oxuması, rəsm çəkməsi, real əşyalarla manipulyasiya etməsi, üzbəüz ünsiyyəti kifayət qədər olmalıdır. Rəqəmsal texnologiya isə bunların hamısını əvəz edən vasitəyə çevrilməməlidir. Yəni İsveç və Norveçin hazırkı yanaşmasından çıxan əsas mesaj “texnologiyanı tamamilə atmaq lazımdır” deyil, “uşağın fundamental bacarıqları texnologiyaya qurban verilməməlidir” fikridir. İsveçin öz siyasətində də uşağın öyrənməsinə fayda verdiyi yaş və şəraitdə tətbiqindən danışılır”.
Ləman İmran
Globalinfo.az