COP29 mövzusunda müzakirə keçirildi – FOTOLAR

“COP29: gözləntilər, perspektivlər” mövzusunda QHT-lərin ictimai müzakirəsi keçirilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsini tarixi uğur adlandırıb.

O, Agentliyin 2024-cü ilin əvvəlində “COP29”la bağlı xüsusi qrant elan edəcəyini də açıqlayıb.

Daha sonra Agentliyin Müşahidə Şurasının üzvü Günel Səfərovanın moderatorluğu ilə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin COP29-la bağlı fikir və təklifləri dinlənilib, müzakirələr aparılıb.

Tədbirdə COP28-də iştirak etmiş QHT sədrləri də öz mülahizələrini bölüşüb. “Yaşıl Tikinti Şurası”nın həmtəsisçisi və rəhbəri Guy Eames bildirib ki, “COP29”un Bakıda keçirilməsi Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyi nümayiş etdirir. Tədbirin sonunda QHT-lər COP29-la bağlı birgə bəyanat qəbul edib.

Bəyanatda deyilir:

“Biz – Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri olaraq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi qərarını alqışlayırıq.

Bu növbəti tarixi uğur münasibətilə Azərbaycan xalqını, şəxsən Prezident İlham Əliyevi təbrik edirik!

Bütün post-sovet məkanında ilk dəfə olaraq Azərbaycan Respublikası bu mötəbər qlobal tədbiri gələn il qəbul edəcək. Bu məsələdə beynəlxalq aləmin vahid mövqedən çıxış etməsi Azərbaycanın dünyada getdikcə güclənən mövqeyinin, artan nüfuzunun əyani göstəricisidir. Beynəlxalq birliyin belə bir qlobal tədbirə ev sahibliyini məhz Azərbaycan dövlətinə etibar etməsi Prezident İlham Əliyevin yürütdüyü siyasətə dünya səviyyəsində olan böyük hörməti, möhkəm dəstəyi nümayiş etdirir.

Şübhə etmirik ki, Azərbaycan COP29-u da ən yüksək səviyyədə keçirəcək. Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlük zamanı 155 ölkənin, Qoşulmama Hərəkatına sədrlik zamanı 120 ölkənin dəstəyini qazanmağı bacarıb və etimadı tam doğruldub, Prezident İlham Əliyevin irəli sürdüyü qlobal təşəbbüslər beynəlxalq ictimaiyyətin rəğbətini qazanıb.

Azərbaycan COP29 tədbirində on minlərlə xarici qonağı qəbul etməyə hazırlaşır. Qonaqların təmsil etdiyi ölkərin bu cür müxtəlifliyi və zənginliyi yalnız BMT Baş Assambleyası kimi tədbirlərə xas cəhətdir. Biz – Azərbaycan ictimaiyyətinin təmsilçiləri olaraq, gələn hər bir qonağı Vətənimizdə görməyə şad olacağıq.

Ətraf mühit, iqlim məsələləri milli sərhədlər tanımır, ümumbəşəri mahiyyətlidir. Onun qorunması və hər bir sahədə yaşıl təfəkkürün daha çox hakim olması planetimiz – Ümumi Evimiz üçün çox vacibdir. Biz bu sahədə bütün dünya ilə eyni hiss və həyəcanı bölüşürük.

Neft-qaz ölkəsi olan Azərbaycan yaşıl enerji növlərinin yaradılmasını və yaşıl enerjinin dünya bazarlarına nəqlini hazırda enerji siyasətinin yeni prioritet istiqaməti kimi müəyyən edib. COP29-un Bakıda keçirilməsi qərarı həm də Azərbaycanın yaşıl enerji siyasətinə olan qlobal dəstəyi ifadə edir. Biz – vətəndaş cəmiyyətinin təmsilçiləri bu sahədə də Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyətini yüksək qiymətləndiririk və tam dəstəkləyirik.

Bərpa olunan və yaşıl enerji əsasında istehsal olunan elektrik ixracı Azərbaycanın enerji strategiyasında yeni eranın başlanmasına səbəb olub. 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payının Azərbaycanda 30%-ə çatdırılması gözlənilir. Azərbaycanın bərpaolunan enerji potensialı çox yüksəkdir, statistik göstəricilərə görə, ölkənin quruda külək və günəş enerjisinin həcmi 27 qiqavat, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir.

2020-ci ildə 44 günlük müharibədən dərhal sonra Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzuru, Naxçıvanı “yaşıl enerji bölgəsi” adlandırıb və bu istiqamətdə genişmiqyaslı işlərə başlanılıb.

Artıq Qarabağ və Şərqi Zəngəzurda hidroenerji potensialından fəal şəkildə istifadə edilir. Burada yaxın illərdə hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə gözəl töhfədir.

Bu yaxınlarda Prezident İlham Əliyevin Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimindəki çıxışında Azərbaycanın indi yaşıl gündəliyə doğru sürətlə irəlilədiyini açıqladı. Biz – Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri kimi bunu alqışlayırıq və qlobal iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfə kimi yüksək qiymətləndiririk.

Azərbaycan xalqı daim ətraf mühit məsələlərinə həssaslıqla yanaşıb, onun qayğısını çəkib. Milli adət və ənənələrdə, folklorda da təbiətə məhəbbət, qayğı məqamları qabarıq ifadə olunub.

Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilmək Azərbaycan dövlətinin milli hədəflərindən biri kimi müəyyən edilib. Bir müddət əvvəl Bakıda Yaşıl Enerji Məşvərət Şurasının birinci toplantısının baş tutması bu siyasi iradənin növbəti nümunəsidir. Artıq bütün dünyada Azərbaycanın Yaşıl Enerji Dəhlizi barədə danışılır. Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstan ilə yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş də imzalayıb.

Beləliklə, Azərbaycan apardığı məqsədyönlü iş, böyük zəhmət və bu sahədə qazandığı uğurlar sayəsində İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibliyi etməyə tam layiqdir.

Biz – Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri olaraq COP29-un ən yüksək səviyyədə keçirilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyimizi bəyan edirik.

COP29 eyni zamanda sülhə, əmin-amanlığa yol açır, rifaha xidmət edir. COP-la bağlı Azərbaycan və Ermənistan arasında vasitəçisiz, birbaşa kommunikasiya əsasında əldə edilmiş razılaşma bu qlobal tədbirin sülhpərvər mahiyyətini bir daha nümayiş etdirir.

COP mövzuları bəşəriyyəti, müxtəlif dövlətləri, dövlətlər qrupunu, düşərgələri ümumi məqsəd naminə səfərbər edən, birləşdirən qüvvədir. COP həmrəylik, qlobal məsuliyyəti bölüşmək və əməkdaşlıq platformasıdır.

Biz qəbul etdiyimiz bu bəyanatla, COP29-la əlaqədar müsbət təşəbbüsləri dəstəkləməyə, beynəlxalq QHT-lərlə əməkdaşlığa, xarici ölkələrin vətəndaş cəmiyyəti təmsilçilərinə bu istiqamətdə hər cür köməklik göstərməyə hazır olduğunuzu elan edirik”.

COP29 mövzusunda müzakirə keçirilib, birgə bəyanat qəbul edilib - FOTO COP29 mövzusunda müzakirə keçirilib, birgə bəyanat qəbul edilib - FOTO COP29 mövzusunda müzakirə keçirilib, birgə bəyanat qəbul edilib - FOTO COP29 mövzusunda müzakirə keçirilib, birgə bəyanat qəbul edilib - FOTO COP29 mövzusunda müzakirə keçirilib, birgə bəyanat qəbul edilib - FOTO COP29 mövzusunda müzakirə keçirilib, birgə bəyanat qəbul edilib - FOTO COP29 mövzusunda müzakirə keçirilib, birgə bəyanat qəbul edilib - FOTO COP29 mövzusunda müzakirə keçirilib, birgə bəyanat qəbul edilib - FOTO