Yumurtanın 1 qəpiyə satılması ictimaiyyətdə əsasən istehlakçı prizmasından müzakirə olunur. Alıcı üçün bu, sərfəli fürsət kimi görünür. Lakin məsələyə iqtisadiyyat və kənd təsərrüfatı – yəni peşəkar prizmadan yanaşdıqda fərqli mənzərə ortaya çıxır.
Əgər belə satış reklam kampaniyasının tərkib hissəsidirsə, bazar aləti kimi qəbul edilə bilər. Amma kənd təsərrüfatı məhsullarının davamlı şəkildə maya dəyərindən aşağı qiymətlə satılması həm istehsalçılar, həm də bazarın gələcəyi üçün ciddi risklər yaradır.
Yumurtanı 1 qəpiyə satan da var, onu istehsal edən də. Eyni vəziyyət bəzən xiyar, pomidor və digər kənd təsərrüfatı məhsulları ilə bağlı da yaşanır. Mövsümi bolluq dövründə məhsulların kəskin ucuzlaşması istehlakçı üçün müsbət görünə bilər. Ancaq bazarın bu sərt reaksiyası fermerlərin gəlirlərini azaldır, onların investisiya imkanlarını zəiflədir və bəzi hallarda istehsaldan imtinaya qədər aparıb çıxarır. Bu gün su qiymətinə satılan məhsulun istehsalı sabah azalarsa, bir neçə müddət sonra həmin məhsulun qiyməti dəfələrlə arta bilər. Çünki qiymətin ucuzlaşmasından zərərə düşənlər o məhsulun istehsalını dayandıracaq, bazarda təklif azalacaq və qiymət bahalaşacaq.
Məhz buna görə kənd təsərrüfatı bazarı adi bazarlardan fərqlənir. Sənaye məhsullarından fərqli olaraq kənd təsərrüfatında istehsal uzunmüddətli planlaşdırma tələb edir. Fermer məhsulu bazara çıxarana qədər aylarla, bəzən illərlə işləyir və böyük vəsait yatırır. Məhsul yetişəndə isə qiymətlərin necə olacağını əvvəlcədən dəqiq bilmir. Üstəlik, yumurta, süd, meyvə-tərəvəz kimi məhsullar uzun müddət saxlanıla bilmədiyindən istehsalçı çox vaxt məhsulunu istənilən qiymətə satmağa məcbur qalır.
Bu səbəbdən dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyəti kənd təsərrüfatını tamamilə bazarın ixtiyarına buraxmır. Fermerlərin gəlirlərinin qorunması, ərzaq təhlükəsizliyinin təmin olunması və qiymət dalğalanmalarının yumşaldılması məqsədilə müxtəlif tənzimləmə mexanizmləri tətbiq edilir.
Avropa ölkələrində fermerlərə birbaşa subsidiyalar verilir, bazar böhranları zamanı əlavə dəstək proqramları işə düşür. ABŞ-da məhsul sığortası və gəlir dəstəyi sistemləri fermerlərin qiymət şoklarından qorunmasına xidmət edir. Kanadada isə yumurta və süd kimi məhsullar üzrə istehsal həcmləri bazarın tələbatına uyğun planlaşdırılır. Nəticədə nə məhsul qıtlığı yaranır, nə də fermerlər kəskin gəlir itkiləri ilə üzləşirlər.
Dünya təcrübəsi göstərir ki, kənd təsərrüfatında əsas məqsəd qiymətləri inzibati qaydada müəyyənləşdirmək deyil. Məqsəd bazarın normal işləməsini təmin etməklə yanaşı, istehsalçıların iflas etməsinin qarşısını almaqdır. Çünki fermer bazardan çıxdıqdan sonra onu geri qaytarmaq çox çətin olur. Yeni istehsal güclərinin formalaşdırılması isə həm vaxt, həm də böyük investisiya tələb edir.
Uzunmüddətli perspektivdə ən təhlükəli nəticələrdən biri bazarın inhisarlaşmasıdır. Kiçik və orta fermerlər fəaliyyətlərini dayandırdıqca bazarda yalnız iri oyunçular qalır. Bu isə rəqabətin zəifləməsinə və gələcəkdə qiymətlərin daha sürətlə artmasına səbəb ola bilər. Nəticədə qısa müddətdə ucuz məhsul qazanan istehlakçı sonradan daha yüksək qiymətlərlə üzləşə bilər.
Azərbaycan üçün də əsas vəzifə istehlakçı maraqları ilə istehsalçı maraqları arasında tarazlıq yaratmaqdır. Bir tərəfdən bazarda rəqabət mühiti qorunmalı, məhsul bolluğu təmin edilməli, digər tərəfdən fermer öz məhsulunu sabit və proqnozlaşdırılan bazarda sata bilməlidir. Subsidiya proqramları, aqrar sığorta, kooperativlərin inkişafı, strateji ehtiyat mexanizmləri və antiinhisar nəzarəti bu tarazlığın qurulmasında mühüm rol oynaya bilər.
Yumurtanın 1 qəpiyə satılması ətrafında yaranan müzakirə əslində təkcə bir məhsulun qiyməti ilə bağlı deyil. Bu hadisə daha fundamental bir sualı gündəmə gətirir: kənd təsərrüfatında bazarın sərbəstliyi ilə ərzaq təhlükəsizliyi arasında balans necə qorunmalıdır? Dünya təcrübəsi göstərir ki, bu balansın qorunması həm fermerin, həm istehlakçının, həm də dövlətin uzunmüddətli maraqlarına xidmət edir. Bir qəpiklik yumurta isə həmin tarazlığın nə qədər həssas olduğunu xatırladan kiçik, amma əhəmiyyətli bir nümunədir.
Akif Nəsirli
Globalinfo.az