Meloni Giorgia Italie television 2025 1024x683 1 900x600 2

Avropa İttifaqının Əqli Mülkiyyət İdarəsinin (EUIPO) rəsmi internet səhifəsində İtaliyanın Baş naziri Corcia Meloninin səsinin ticarət nişanı kimi qeydiyyata alınması ilə bağlı müraciət barədə məlumat dərc edilib.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, portalda yer alan məlumata görə, hazırda sözügedən müraciətə baxılır. Bildirilir ki, hökumət başçısı qeydiyyat prosesi üçün özünün iki dəfə “Mən Corcia Meloniyəm” ifadəsini səsləndirdiyi dörd saniyəlik audioyazı təqdim edib.

Vurğulanır ki, baş nazir bu addımı səsinin süni intellekt (Sİ) texnologiyaları və dipfeyklər (deepfake) vasitəsilə qanunsuz məqsədlərlə istifadəsinin qarşısını almaq məqsədilə atıb.

Avropa İttifaqının qanunvericiliyinə əsasən, EUIPO-da qeydiyyat prosesi başa çatdıqdan sonra baş nazirin səsinin hər hansı formada icazəsiz istifadəsi hüquqların pozulması kimi qiymətləndirilə bilər. Sənəd bütün Aİ ərazisində keçərli olduğundan, C.Meloni hüquq pozuntusu törədən şəxslərə qarşı istənilən üzv ölkədə məhkəməyə müraciət edə biləcək.

Məlumata görə, bir sıra Avropa ölkələrində saxta ifadələrdən ibarət viral videolar hazırlayan və ya şəxsin səs xüsusiyyətlərindən gəlir əldə edən şəxslər cinayət məsuliyyətinə cəlb olunurlar. İtaliya qanunvericiliyində isə belə halların ən ağır formalarına görə həbs cəzası da nəzərdə tutulur.

Corcia Meloni özü isə məsələ ilə bağlı hələlik heç bir rəsmi açıqlama verməyib.

Paylaş: