Avropa İttifaqı (Aİ) Ukrayna və Moldova ilə tamhüquqlu üzvlük müzakirələrinə başlamağa qərar verib, Gürcüstan üzvlüyə namizəd statusu alıb. Azərbaycan isə Aİ üzvlüyü üçün müraciət etməyəcəyini açıqlayıb.
Maraqlıdır, Aİ bu addımla hər 3 respublikanı Rusiyanın hücumundan sığortalamaq məqsədi güdür?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli qeyd edib ki, yeni konfiqurasiya yaranıb:
“3 ölkənin Avropa Birliyinə üzvlüyü geosiyasi faktorlardan asılıdır. Ukrayna müharibəsinin baş verməsi Avropa və Atlantik məkanına inteqrasiyanın reallaşmasından qaynaqlanır. Avropa ölkələrində bu məsələlər qansız-qadasız mümkün oldu və geosiyasi reallıqlar Rusiyanın əleyhinə idi. Amma indi bu inteqrasiya müharibələrlə müşayiət olunacaqsa, Gürcüstan, Moldova, Ukrayna və Ermənistanın üzvlüyü 2030-dan tez necə mümkün olacaq?!
Əziz Əlibəyli
Gürcüstan rifah məsələsinə görə, Avropa standartını önəmli hesab edir. Ermənistan da təhlükəsizlik faktorlarını irəli sürür. Azərbaycanın Avropa İttifaqına daxil olmaqdan imtina etməsi təşkilatın ölkəmizə qərəzli münasibətindən qaynaqlanır. Rəsmi Bakının ikinci qəbul etmədiyi məsələ isə təhlükəsizlik faktoruna söykənir. Çünki bu, müharibə əsasıdır. Rusiya ilə Qərb arasındakı savaşın predmetlərindən biri də inteqrasiyadır. Məhz bu səbəbdən həmin proses geosiyasi gedişatdan asılıdır. 40-a yaxın ölkənin Rusiyaya qarşı savaşdığı Ukrayna cəbhəsindən baxdıqda bu, daha aydın görünür.
Bunu sığortalamaq deyil, geosiyasi savaşda Rusiyanın maraq cəbhələrini onun əlindən almaq üçün yeni cəbhə açılışı kimi də dəyərləndirmək olar. Müxtəlif yanaşmalar olsa da, üçüncü yol yoxdur”.
Safura Bənnayeva
Globalinfo.az