İyulun 7-8-də Ankarada keçiriləcək NATO zirvəsi beynəlxalq gündəmin əsas mövzularından biri kimi diqqət çəkir. Zirvə fonunda Cənubi Qafqazın təhlükəsizliyi, bölgədə qüvvələr balansının mümkün dəyişməsi və böyük güclərin mövqeyi yenidən müzakirə olunur.
Cənubi Qafqazla bağlı hansı qərarların qəbul olunacağı gözlənilir? NATO-nun bölgədə rolunun artması ehtimalı varmı? Bu proses bölgədəki vəziyyəti dəyişə bilərmi? Rusiyanın mümkün reaksiyası necə olacaq? Zirvədən sonra Cənubi Qafqazda qüvvələr nisbətində hansı dəyişikliklər gözlənilir?
Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, Ankara zirvəsi ilk baxışda Cənubi Qafqazla birbaşa bağlı olmayan toplantı kimi görünsə də, əslində geosiyasi reallıqda məsələ bir qədər fərqlidir:
“NATO-nun gündəliyi artıq təkcə üzv ölkələrin müdafiəsi ilə məhdudlaşmır. Qara dəniz hövzəsi, Orta Asiya ilə bağlantılar və Cənubi Qafqazdakı təhlükəsizlik arxitekturası da dolayı yolla bu müzakirələrin tərkib hissəsinə çevrilir. Bu kontekstə əsas məsələ NATO-nun Cənubi Qafqaza gəlməsi yox, regionda artıq mövcud olan geosiyasi dinamikaya nə qədər təsir göstərə bilməsi ilə bağlıdır. Bu görüşün Cənubi Qafqaz üçün əhəmiyyəti birbaşa hərbi yerləşmə deyil, siyasi siqnal və strateji koordinasiya səviyyəsindədir”.
Rəşad Bayramov
Politoloq bildirib ki, zirvənin bölgənin şəklini dəyişməsi ehtimalı isə daha çox dolayı mexanizmlərlə bağlıdır:
“Əsas dəyişiklik siyasi və logistika xəritəsində baş verə bilər. Qara dəniz-Cənubi Qafqaz-Mərkəzi Asiya xətti artıq Avropa və ABŞ üçün alternativ enerji, nəqliyyat arteriyası kimi strateji dəyər qazanıb. Orta Dəhlizin inkişafı, Xəzər hövzəsinin enerji resurslarının Avropaya çıxışı və Rusiya ətrafında alternativ kommunikasiya xəttlərinin formalaşması bu dəyişimin əsas komponentləridir. NATO zirvəsi bu prosesləri birbaşa yaratmasa da, onların siyasi legitimliyini və koordinasiyasını gücləndirə bilər”.
Ekspertin sözlərinə görə, Rusiyanın reaksiyası indiki mərhələdə ehtiyatlı və rəqabətçi xarakter daşıyır:
“Moskva Cənubi Qafqazı hələ də öz tarixi təsir zonası kimi görür və NATO-nun hər hansı dolayı genişlənmə təsirini belə strateji təhdid kimi qiymətləndirir. Xüsusilə Ermənistanın Qərblə yaxınlaşması və Azərbaycan-Türkiyə xəttinin güclənməsi Rusiya üçün bölgədə təsir rıçaqlarının zəifləməsi deməkdir. Buna görə də Moskva daha çox siyasi təzyiq, iqtisadi alətlər və təhlükəsizlik narrativləri üzərindən cavab verməyə çalışır.
Ankara zirvəsindən sonra bölgədə qüvvələr nisbətində kəskin və ani dəyişiklik gözləməyə dəyməz. Amma mərhələli transformasiya mümkündür. Yəni Qərbin regiona iqtisadi və infrastruktur yatırımlarını artırması, Türkiyənin regional təhlükəsizlik və logistika rolunun daha da güclənməsi istiqamətində addımların müşahidə olunması mümkündür”.
Ləman İmran
Globalinfo.az