Mirzoyan Ankaraya gedir: qovluğunda nələr var?

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Türkiyəyə səfər edəcək. Məlumata görə, erməni nazir 1-3 mart tarixlərində Türkiyədə olacaq və mühüm görüşlər keçirəcək.

Erməni nazirin qovluğunda müzakirə ediləcək mühüm mövzular var. Əsasən də Türkiyə-Ermənistan dəmiryolu əlaqələri, iqtisadi münasibətlərin müzakirə edilməsi gözlənilir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Antalya Diplomatiya Forumunda iştirak etmək məqsədilə Türkiyəyə səfər edəcək:

“Mirzoyan keçən il də eyni məqsədlə Türkiyədə olmuşdu. Əlbəttə, Forum çərçivəsində ikitərəfli görüşlər də keçiriləcək.

Mirzoyanın Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşü gözlənilir. Həmçinin Azərbaycanın baş diplomatı Ceyhun Bayramovla da Mirzoyan arasında da görüş ola bilər. Bu görüşlərin əsas mövzusu Cənubi Qafqazdakı vəziyyət, o cümlədən İrəvanla Bakı arasında münasibətlərin normallaşması olacaq”.

K.Novruzov bildirib ki, Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşması barədə də fikir mübadiləsi aparılacaq:

“Amma hazırda bunun üçün imkanlar məhduddur, çünki Ankaranın şərti var: İrəvan əvvəlcə Bakı ilə sülh sazişi imzalamalıdır.

Forum çərçivəsində keçirilən görüşlərin ümumi prosesə fayda verəcəyini düşünürəm. Lakin ikitərəfli təmaslar intensivləşməsə, nəticə olmayacaq”.

Turan Rzayev
Globalinfo.az