bosanma 1113

Təsəvvür edin, kişinin həyat yoldaşı işləyir, amma maaşını ondan gizlədir, bunlar boşanırlar, nikah dövründə əldə edilən əmlaklar təbii olaraq bölünür. Amma kişi illər sonra öyrənir ki, evli olduğu müddətdə yoldaşı təxminən 10-15 min manat alıbmış, xəbəri yox imiş. İndi də istəyir ki, keçmiş arvadının aldığı o maaşı da bölsünlər, yarısını buna versinlər.

Bu, səhər mənə yazılan mesajın məzmunudur.

Ümumiyyətlə, qadın həyat yoldaşından maaşının əsl məbləğini gizlədibsə, yaxşı ki, boşanıblar, bu, ayrı məsələ. Deməli, evlilik müddətində qaydasında getməyən nələrsə olub.

Adını xatırlaya bilmirəm, amma bu mövzuda maraqlı filmə baxmışdım: evlənməmişdən əvvəl tərəflər oturub danışır, büdcə necə idarə ediləcək, maaşların aqibəti necə olacaq – onu müəyyənləşdirirlər və sənəd imzalayırlar. Hər iki tərəf də qərar verir ki, maaşların müəyyən faizi əsasında ortaq büdcə təyin edilsin, qalan hissəsi də tərəflərin özünə aid olsun.

Evliliyi qoyaq qırağa, bu işlərə beynim işləmir, dərk etməkdə çətinlik çəkirəm. Sizcə, ailə üzvlərimiz bizim aldığımız maaşın məbləğini bilməlidir? Əziyyətini çəkib qazanan tərəfin məbləği gizlətmək hüququ var? Bu məsələ əslində şəxsi sərhədlərimizdir. Ehtiyaclar onsuz da ailə daxilində bölünür, bölünməlidir də, əks halda alınmaz. Amma mənim qazandığım pulun hara, niyə xərcləndiyini kimsə sorğulamamalıdır.

Amma söhbət ər-arvaddan və ortaq ailə büdcəsindən gedirsə, dürüst olmaq vacibdir. Ortaq xərclər, kreditlər, yığım və sair varsa, gəlirin gizlədilməsi güvən problemi yaradır.

Bu arada, Azərbaycan qanunvericiliyində bu haqda necə deyərlər, kiminə sərf edən, kiminin kabusu ola biləcək maddələr var.

Ailə Məcəlləsinin 32-ci maddəsinə görə, nikah müddətində ər-arvadın əldə etdiyi əmlak, o cümlədən onların əmək fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər ümumi birgə mülkiyyət hesab olunur. Yəni söhbət təkcə nikah dövründə alınan evdən, avtomobildən və ya digər əmlakdan getmir, əməkhaqqı da bu anlayışa daxildir.

Daha dəqiq desək;

Ər-arvadın ümumi birgə mülkiyyətinə:

– onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və sair)

– ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

Həmçinin nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

Deməli, əgər qadın nikah davam etdiyi müddətdə 10-15 min manat əməkhaqqı əldə edibsə, həmin pulun nikah dövründə əldə edilmiş gəlir olduğu sübut edilərsə, prinsip etibarilə ümumi əmlakın tərkibində qiymətləndirilə bilər. Qanuna görə, ümumi əmlak bölünərkən ər-arvadın payları, nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, bərabər hesab edilir.

Amma vacib bir detal da var: bu, avtomatik olaraq “qadının aldığı maaşın yarısı indi keçmiş ərinə verilməlidir” demək deyil. Məhkəmə ümumi əmlakın hansı hissəsinin mövcud olduğunu, həmin pulun nikah dövründə əldə edilib-edilmədiyini və bölünmə zamanı hansı əmlakın artıq tərəflər arasında bölüşdürüldüyünü araşdırır. Üstəlik, Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, ər-arvadın ailə münasibətlərinə faktiki xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlak məhkəmə tərəfindən onların ayrıca mülkiyyəti hesab edilə bilər.

Qanun həm də ər-arvada nikah müqaviləsi bağlayaraq gəlirlərinin və ailə büdcəsinin necə bölüşdürüləcəyini əvvəlcədən müəyyənləşdirməyə imkan verir. Yəni, Ailə Məcəlləsinin 38.4-cü maddəsinə əsasən, nikah müqaviləsində tərəflər bir-birinin gəlirlərində iştirak üsullarını və ailə xərclərində iştirak qaydasını müəyyən edə bilərlər.

Odur ki, hüquqi baxımdan “maaş mənimdir, heç kimə aid deyil” yanaşması evlilikdə tam olaraq belə deyil. Əgər nikah müqaviləsində başqa qaydalar müəyyən edilməyibsə, nikah dövründə əldə edilən əmək gəlirləri ümumi hesab edilir.

Günay Rəsulqızı
Globalinfo.az 

Paylaş: