“Ermənistan və Türkiyə münasibətlərinin normallaşması prosesi çərçivəsində hazırda iş gedir və biz bunu dəstəkləyirik. Biz açıq şəkildə bildirdik ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına tərəfdarıq. Yəqin bilirsiniz ki, Ermənistanın təkcə Azərbaycana deyil, Türkiyəyə də ərazi iddiaları var və bu məsələ də mütləq həll olunmalıdır. Əminəm ki, bilirsiniz, Ermənistanın milli rəmzi Ağrıdağ dağıdır, onların “Ararat” adlandırdıqları dağ Türkiyədə yerləşir. Məncə, bu, qətiyyən qəbuledilməzdir. Mənim şəxsi fikrim belədir ki, onların cəmiyyətlərinə bu cür mesaj vermələri tamamilə yanlışdır”.
Globalinfo.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.
“Yadımdadır, bir dəfə Ermənistanın əvvəlki prezidenti Serjik Sərkisyandan məncə, onun partiyasının bəzi gənc üzvləri ilə görüşdə soruşmuşdular ki, indi “Artsax” adlanan ərazini azad etdik, bəs Qərbi Ermənistan? Onlar belə adlandırırlar və bəziləri indi də Türkiyəni belə təqdim edirlər. Soruşurlar ki, bəs torpaqlarımız nə vaxt azad olunacaq? O dedi ki, “biz öz işimizi gördük, bu da sizdən asılıdır”. Bu, mənim uydurmam deyil, internetdə onun dediklərini, onun bu fikrini olduğu kimi tapa bilərsiniz. Məncə, erməni cəmiyyətinin ən böyük faciəsi budur ki, onlar həqiqətən Türkiyənin həmin hissəsini Türkiyədən ayırıb Ermənistana birləşdirə biləcəklərini düşünüblər. Beləliklə, onlar özlərini çox yüksək qiymətləndirirdilər və bu, ən böyük problemdir. İndi onlar normallaşmaq istəyirlər və biz bunu dəstəkləyirik, lakin onlar bütün bu atributlardan qurtulmalıdırlar.
Ermənilərin gənc nəslinin Türkiyə ərazisini ələ keçirəcəyini deyəndə, bu, təkcə Serjik Sərkisyanın deyil, onu dinləyənlərin, ona bu sualı verənlərin ciddi psixoloji xəstəliyinin təzahürü idi. Beləliklə, indi Ermənistan hökumətinin sözdən hərəkətə keçəcəyini gözləyirik ki, ona əsasən öz qiymətimizi verək. Onlar başa düşməlidirlər ki, Türkiyə-Azərbaycan ittifaqı daş kimi möhkəmdir, bunu indi və gələcəkdə nəzərə almalıdırlar”, – Prezident bildirib.