besir suleymanli 1

“Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Bəşir Süleymanlı 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin əlavə cəza olaraq o, 1 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilib.

Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə prokuror Bəşir Süleymanlının 9 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Həmçinin əlavə cəza olaraq ona 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməsi istənilib.

İttihama görə, Bəşir Süleymanlı Paris şəhərində fəaliyyət göstərən ABŞ-nin Alman Marşal Fondundan və digər fondlardan sosial məzmunlu layihələr adı ilə ümumilikdə 148 min manatdan artıq qrant vəsaitini tamah məqsədi ilə ələ keçirib. Bu əməli törədərkən o, Mehriban Rəhimli və digəriləri ilə cinayət əlaqəsinə girib, eyni zamanda vəzifə səlahiyyətlərindən sui-istifadə edib. Alınmış qrant vəsaitləri barədə müvafiq qurumlara məlumat verməyib.

Bəşir Süleymanlı 2025-ci ilin mart ayında saxlanılıb və ona Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.

Paylaş: