IMG 1963

“OZİO” MMC-də çalışan şəxs bir ildən artıqdır əməkhaqqının tam ödənilmədiyini iddia edir.

Globalinfo.az-a müraciət edən Rəsulzadə Tural Abduləziz oğlu bildirib ki, şirkətin “İnşaatçılar” metrosu yaxınlığında yerləşən anbarında işlədiyi müddətdə əmək hüquqları pozulub.

Şikayətçinin sözlərinə görə, işə vaxtında gəldiyi günlərdən birində anbar müdiri onu əsassız şəkildə işə buraxmayıb və həmin günü özbaşına istirahət günü kimi qeydə almasına çalışıb. O, həmçinin bazar günü işə cəlb olunduğunu, 8 saat çalışmasına baxmayaraq, qanunvericiliyə uyğun olaraq ikiqat əməkhaqqı almadığını iddia edir.

T.Rəsulzadə qeyd edib ki, ona ödənilməli olan əməkhaqqının yalnız 62 manatı verilib, qalan 51,45 manat isə bu günədək ödənilməyib. Onun sözlərinə görə, hadisədən bir ildən çox vaxt keçməsinə baxmayaraq, şirkət əməkhaqqı borcunu qaytarmır.

Şikayətçi məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə fotoşəkillər təqdim etdiyini, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, DOST 142 Çağrı Mərkəzinə və Nazirlər Kabinetinə dəfələrlə müraciət etdiyini bildirib. Lakin onun iddiasına əsasən, müraciətlərinə baxmayaraq, problem həllini tapmayıb və əməkhaqqı borcu ödənilməyib.

T.Rəsulzadə pozulmuş əmək hüquqlarının bərpasını, ona ödənilməyən 51,45 manatın qaytarılmasını və məsələnin araşdırılmasını istəyir.

Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə sorğu ünvanladıq.

Sorğuya cavab olaraq bildirilib ki, Tural Rəsulzadənin “OZİO” MMC-də əmək hüquqlarının pozulması ilə bağlı müraciətlərinə Dövlət Əmək Müfəttişliyi Xidmətində baxılır:

“Müraciətdə qeyd olunan halların araşdırılması məqsədilə həm vətəndaşdan, həm də işəgötürəndən müvafiq sənədlərin təqdim edilməsi tələb olunub. İşəgötürən tərəfindən tələb olunan sənədlər təqdim edilmədiyindən, qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati məsuliyyət tədbirlərinin görülməsi istiqamətində müvafiq prosedurlara başlanılıb. Hazırda məsələ ilə bağlı araşdırma davam etdirilir”.

“OZİO” MMC-nin mövqeyini dərc etməyə hazırıq.

Globalinfo.az

Paylaş: