Bakının Xocalı həmləsi: İlham Əliyev Cənubi Qafqazı nəzarətə götürür, kritik dövr başlayır

Ukraynadakı savaşın dinamikasının zəifləməsi Moskvanın yenidən özünün təsir zonası hesab etdiyi digər istiqamətlərdə aktivliyini artırması ilə nəticələnə bilər. Moskvaya görə yaşanan savaş Qərblə ikinci soyuq müharibənin başlanmasıdır ki, bu da geosiyasi qarşıdurma anlamına gəlir. Rusiyanı narahat edən məqam məhz qarşıdurmanın bütün MDB məkanına tranformasiya olunmasıdır. Bu da sonda Ukrayna savaşının Moskvanın təsir zonası hesab etdiyi bölgədə domino effekti yaratması ilə nəticələnə bilər ki, onun da işartıları artıq özünü göstərməyə başlayır. Moskvada Ukrayna savaşının davam etdiyi müddət ərzində Cənubi Qafqazın əhəmiyyətinin həddən artıq yüksəldiyini və ölkə üçün həyati önəm daşımağa başladığını dərk edirlər. Məhz bu baxımdan Rusiya bir tərəfdən Kiyevə qarşı təzyiqlərini artırsa da digər tərəfdən cənub sərhədlərindəki mövcud status-kvonun daha da pozulmamasına çalışır. 

Əslində Moskvanın bölgəyə diqqətini artırması dividentlər yaratdığı risklər də formalaşdırır. Bunu isə bölgə dövlətlərinin hamısı, o cümlədən Azərbaycan da yaxşı anlayır. Bakını indiki zamanda qayğılandıran əsas məsələ Ukraynadakı savaşın qısa zaman ərzində bitəcəyi ehtimalıdır. Belə ki, savaşın bitməsi Moskvanın yenidən bölgədə tam şəkildə aktivliyini yüksəltməsi ilə nəticələnə bilər. Bu isə indiki dönəmdə Azərbaycanın maraqlarına cavab vermir. Doğrudur, İlham Əliyev özünün xarici siyasətində daima Rusiya faktorunu nəzərə alır, bununla belə o da Moskvanın qeyri-müəyyən davranışlar sahibi olmasını bilir. Düzdür, fevraldan öncəyə nisbətdə Moskvanın bölgədəki imkanları həddən çox azalsa da o hələ də təhdid yaratmaq gücündədir. Özünü beynəlxalq tranzit qovşağına çevirməyə çalışan Bakıya isə belə təhdid indiki halda gərəkli deyil. Digər tərəfdən Rusiyanın belə canfəşanlığı Prezident İlham Əliyevin geosiyasi planlarına mane olmaqla yanaşı bölgəni geosiyasi güclərin rəqabət meydançasına çevirə bilər ki, bu da birbaşa Azərbaycan üçün çətin vəziyyət yarada bilər.

Buna görə də İlham Əliyev prosesləri sürətləndirərək, müharibədən sonrakı yeni dönəmə daha üstün formada getməyə çalışır. Üstəlik, İrəvandakı prosesləri yaxşı anlaması, Bakını Qarabağdakı addımlarını doğru koordinasiya etməsinə imkan yaradır. Nəticədə Azərbaycan Moskva geri dönənə qədər üstünlüyünü tam təmin etməklə bərabər, onun bölgədəki dayaqlarını da sıradan çıxarmağa cəhd edir. Bu isə Bakının bütün oyununu məhz Rusiyanın Cənubi Qafqazda dominatlığını bitirmək üzərinə qurduğunu göstərir. Üstəlik bu oyunu apararkən Azərbaycan yeni rıçaqlar da əldə etmiş olur ki, bu da İrəvan və Moskvanın bölgədəki taleyini məhz ondan asılı edir.

Yuxarıda qeyd edilənlər Azərbaycanın son zamanlar Qarabağda Rusiya sülhməramlıları ilə bağlı aktivliyini anlamağa kömək edir. Bakı İrəvanla Moskva arasında yaşanan gərginliyi anlayır və bunu öz xeyrinə istifadə etməyə çalışır. Moskvanın planına əsasən, Ermənistanda hakimiyyətə üçüncü qüvvə gətirilməlidir ki, bunun da yolu məhz Xankəndidən keçir. İrəvanda yaşanacaq dəyişiklik isə indiki dönəmdə Azərbaycana heç cür sərf etmir. Digər tərəfdən, Moskvanın Ruben Vardanyanı Xankəndidə aktivləşdirərək, “hakimiyyət” sıralarına yerləşdirməsini Bakı özünə həqarət sayır. Məhz bu addım Azərbaycan dövlətinə imkan verir ki, Vardanyanla bağlı həmlələr edərək, Kremli çətin vəziyyətə sala bilsin. Vardanyanla bağlı keçiriləcək istənilən əməliyyat, o cümlədən Azərbaycanın hansısa həmləsi onun dolayısı yolla Rusiyanın Ermənistandakı planlarına böyük zərbə vurmuş olacaq. Bu isə istənilən halda Bakıya sərf edir.

Bununla belə, Azərbaycanın belə həmləsi həm də onun İrəvanla Moskva arasındakı prosesdə əsas həlledici fiqur olması imkanlarını da artırır. Bu isə hər iki tərəfi özünün addımlarında məhz İlham Əliyevlə hesablaşmaq şansı yaradır. Nəticədə Azərbaycan təkcə Moskvanın bölgə ilə bağlı siyasətində onu özəlliklə nəzərə alması üçün rıçaqlar əldə etmir, həm də hakimiyyətini qorumaq üçün mübarizə aparan Paşinyan üzərində onu masaya oturtması üçün effektiv alətlərə yiyələnmiş olur. Məhz bu, Bakının Laçın dəhlizi ilə bağlı ötən günkü həmləsini anlamağa kömək edir. Bölgədə hakim olduğunu göstərən Azərbaycan, digər tərəfdən Laçın dəhlizində ona izn verilməyəcəyi təqdirdə nələrin ola biləcəyi mesajını da vermiş olur. Azərbaycanın atdığı addım Rusiya üçün də çətin imkan yaradır ki, bunun da nəticəsini Moskva mütləq şəkildə görmüş olacaq. Üstəlik, bu addım Ceyhun Bayramovun Moskvaya səfərindən az öncə atılır ki, bununla da XİN rəhbərinin rusiyalı həmkarı ilə görüşdən öncə əli möhkəmləndirilir.

Son addımı ilə Azərbaycan həm də İrəvanla Rusiya arasındakı gərginlikdə dolayısı yolla mövqeyini ortaya qoyaraq, ona birbaşa təsir edir. Bakıya indiki halda Ermənistanda qeyri-stabil vəziyyətin qalması, bu olmayacağı təqdirdə avtoritar sistemin qurulması sərf edir ki, bu da Rusiyanın təsirini bölgədə kəskin şəkildə azalda bilər. Bu baxımdan indiki halda Paşinyanın hakimiyyətdə qalması həm də Azərbaycanın əlinə oynayır. Lakin mövcud həmlə tərəflər arasında mübarizəni bir qədər də qızışdırmaq imkanı formalaşdırır ki, bu da hazırda Azərbaycanın milli maraqlarına uyğundur.

Bakının Laçın dəhlizi əməliyyatı Xankəndidə olan vəziyyəti də çətinləşdirir. Azərbaycanın Qarabağdakı yataqlarına nəzarəti bərpa etmək istəməsi, bu cür tələblərin zamanla daha da artacağını ortaya qoyur. Bu da Bakının separatçıların maliyyə qaynaqlarını yavaş-yavaş özünə tabe etdirməsi anlamına gəlir. Maliyyə qaynaqlarının itirilməsi isə separatçılar daxilində parçalanmanı da gücləndirəcək. İkinci Qarabağ müharibəsində Bakının bu qaynaqların çox hissəsinə nəzarəti bərpa etməsi, onsuz da qondarma rejimdəki qüvvələr arasında mübarizəni alovlandırmışdı ki, indi bu həmlə onu savaş səviyyəsinə çıxara bilər. Bu isə Moskvanın dəstəyi zəmanəti ilə vəzifəyə gətirilən Vardanyan ətrafında yeni qüvvələrin toplaşmaq imkanlarını məhdudlaşdıracaq. Rusiyanın zəmanətçi rolu isə yavaş-yavaş Azərbaycanla əvəzlənməyə başlayacaq. Nəticədə Xankəndidə Bakı ilə danışıqlara getmək istəyəcək simaların sayı arta bilər ki, bunu da Azərbaycan uğurla istifadə etmək niyyətindədir. Çünki Qarabağa nəzarəti təmin etmək istəyən Bakı bunun yolunun bölgədəki zəngin təbəqədən keçdiyini dərk edir və gələcəkdə problemin yaranmaması üçün onu özünə tabe edir.

Üstəlik “hökumətdəki” qeyri-stabillik Bakının hərəkət imkanlarını maksimal həddə çatdıracaq. Bu da qondarma rejimdəki Rusiya və Ermənistan klanları arasındakı münasibətləri gərginləşdirəcək. Onsuz da hökumətsiz vəziyyətdə qalan qondarma rejim belə vəziyyət sayəsində yeni kabinet qura bilməyəcək. Bu isə Xankəndidən dialoqu aparacaq şəxsin Bakının istəyi əsasında seciləcəyini deməyə əsas verir.

Maraqlı məqam isə Ermənistanın baş verənlərə heç bir reaksiya göstərməməsidir. Bu isə öz növbəsində separatçılarla İrəvan arasında narazılığı bir qədər də dərinləşdirir. Digər tərəfdən isə davam edən səssizlik İrəvanın Bakı ilə bu istiqamətdə razılıq əldə etməsi ilə bağlı təxminləri də artırır. Paşinyana görə ediləcək etiraz sonradan Bakının savaş elanı ilə nəticələnək ki, bu da ona sərf etmir. Əksinə, Bakının həmlələri Rusiyanın bölgədə zəifləməsinə və ermənilər daxilində nüfuzdan düşməsinə şərait yaradır, bundan isə Nikol yararlanmaq istəyir. Qarabağdakı yataqların işlənməsində böyük payı olan Avropadakı erməni diasporuna gəlincə, Paşinyan cari ilin əvvəlində onların nümayiş etdirdiyi aktivliyi azaltmağa müvəffəq olub. Xüsusilə, diaspor qrupları arasında parçalanma yaratması, İrəvana təzyiqlərin kəsərini zəiflədib. Bunun üçün Paşinyana qrup daxilindəki bir sıra zənginlər geniş yardım göstərib ki, bunlar sırasında da Qarabağdakı yataqların aktiv işlənməsində böyük pay sahibi olan Vartan Sirmakes də rol oynayıb. Nikolun Sirmakes və digərlərilə özünümüdafiə, eləcə də Qarabağdakı yataqların Ermənistanda başqa istiqamətlərlə əvəz edilməsi barədə razılıq əldə etməsi ehtimalları bu baxımdan artır ki, bu da Paşinyana Bakı ilə masaya hakimiyyətinə təhdid yaratmadan oturması üçün çox vacibdir. Belə razılığın bir neçə ay öncə İsveçrəni ziyarət edərək Sirmakeslə görüşən Paşinyanın həyat yoldaşı Anna Akopyan üzərindən əldə edildiyini güman etmək olar.

Son baş verənlər Qarabağda Azərbaycan hakimiyyətinin de-fakto təminatı ilə bağlı yekun prosesin başlandığını da təxmin etməyə əsas verir. Bu isə İrəvanla artıq sülh razılaşmasının yaxınlaşmağa başladığını təxmin etməyə imkan yaradır. Yaşananlar fonunda ABŞ-nin Cənubi Qafqaz üzrə nümayəndəsi Rikerin İrəvanda Paşinyanla xankəndi ilə bakı arasında mexanizmi müzakirə etməsi də təsadüfi deyil. Ermənistanın yaydığı press relizdən ortaya çıxan məlumat həm də İrəvanın Qarabağdan rəsmi şəkildə imtina etdiyini və Bakı ilə artıq başqa məsələləri müzakirə etdiyini deməyə əsas verir. Yəni Rikerin Paşinyana həm də Bakının Qarabağda kimlə müzakirəni aparacağına dair məlumat gətirdiyini təxmin etmək olar ki, bu da İrəvanın olanlarla tam razılaşdığını göstərir. Bu isə yaxın perspektivdə Paşinyanın daxili siyasətdə istifadəsi üçün mühüm əsasların yaradılması deməkdir. Dolayısı yolla Riker İrəvana həm də Tbilisidə yeni görüşün təşkili ilə bağlı təklif gətirə bilər ki, bu da xüsusilə Paşinyanla Moskvanın münasibətlərinin kəskinləşdiyi dönəmdə önəmli məqamdır. Görünür Bakıda da məhz belə dönəmdə görüşün keçirilməsinə qarşı deyillər. Əksinə, Vaşinqtonun təklif etdiyi variant onun üçün Brüssel və Soçidən fərqli olaraq mühüm imkanlar yaradır ki, bundan da Azərbaycan ən geniş formada istifadə etmək niyyətindədir. Beləliklə, Bakı ilə İrəvan arasında sülh üçün artıq kritik dönəm başlayıb. Bu dönəmin nə qədər uğurlu bitəcəyi təkcə Bakının çoxgedişli kombinasiyalarından yox, tərəflərin nə dərəcədə bir-biri ilə kompromisə gedəcəyindən və İrəvanın hansı formada qətiyyət göstərəcəyindən asılı olacaq.

İlkin Həsənov,
Xüsusi olaraq Globalinfo.az üçün