Bakının ağır günləri başlayır – Sabahdan etibarən…

Artıq sabah növbəti tədris ili başlayır. Bu, tıxac və ictimai nəqliyyatda sıxlıq problemini yenidən gündəmə gətirir.

Bəs paytaxt sakinləri tıxac və sıxlıqdan necə qurtula bilərlər?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, paytaxtın mərkəzi küçə və prospektlərində uzunmüddətli avtomobil tıxacları qaçılmaz olur.

O bildirib ki, bundan qurtulmaq üçün ictimai nəqliyyatı inkişaf etdirmək lazımdır:

“Təəssüf ki, sabahdan qara günlər başlayır. İctimai nəqliyyatı inkişaf etdirmək və yol şəbəkəsini nəzarətdə saxlamaq lazımdır. Yol infrastrukturunu qorumaq, düzgün idarə etmək və qurmaq zəruridir. Bütün bunlar düzgün qaydada həyata keçirilməlidir.

Məsələn, Bakı-Sumqayıt yolunda ilin hər günü tıxac var, səhər Bakı istiqamətində, axşam da Sumqayıt istiqamətində tıxac olur. Səbəb isə odur ki, vətəndaş Sumqayıtda yaşasa da, iş yeri paytaxtdadır”.

Elməddin Muradlı

Ekspert deyib ki, əhalinin 70 faizinin dolanışığı Bakıdan çıxdığı üçün çoxu paytaxta axışır:

“Bölgələri sosial-iqtisadi cəhətdən inkişaf etdirmək lazımdır ki, insanlar öz rayonunda, kəndində qalıb işləyə bilsinlər. Bu gün rayonlardan Bakıya axın var. Kimi dindirsən deyir, iş tapa bilmirəm.
Bəzilərinin özünə görə doğru, bəzilərinin isə səhv səbəbləri var, bəziləri tənbəldir, işləmək, mal-qara, toyuq-cücə saxlamaq istəmir deyə, gəlib Bakıda “Prius” alıb işləyirlər”.

Ekspert tıxacın yaranmasında sabiq nəqliyyat naziri və onun komandasının rolu olduğunu bildirib:

“Keçmiş komanda Bakı-Sumqayıt yolunu bir neçə dəfə təmir edib, genişləndiriblər. Xırdalan dairəsindəki tunel tikiləndə təklif etdik ki, asma körpü olsun, Koroğludakı modelin mini formasını orada tətbiq etmək lazımdır, amma etmədilər. Ziya Məmmədov və komandası vaxtilə bərbad nəqliyyat siyasəti yürüdüb və bu gün də çökmüş yol infrastrukturunu aradan qaldıra bilmirlər. O adamlara görə ictimai nəqliyyat problemi həllini tapmır”.

Ekspert vurğulayıb ki, zamanında
səkiləri satıb, onların yerində obyektlər, binalar tikiblər və indi bunları həll etmək çətindir.

Zaira Akifqızı
Globalinfo.az